Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq – 24 saat ərzində…

ABŞ-la hərbi gərginliyin yenidən artdığı İranda dövlət mediası vətəndaşlara nüvə partlayışı zamanı necə sağ qalmağın yollarını izah edən xüsusi təlimat yayımlayıb.

Partlayışın işığına baxmamaqdan tutmuş sığınacaqlarda ən azı 24 saat qalmağa qədər bir sıra detallı göstərişlərin yer aldığı video Vaşinqtonun yeni hərbi əməliyyata hazırlaşdığı barədə iddiaların gündəmə gəldiyi vaxta təsadüf edib.

İranda mümkün nüvə hücumu təhlükəsinə qarşı mülki müdafiə hazırlıqları diqqət mərkəzinə gəlib. İranın dövlət xəbər agentliyi IRNA vətəndaşların mümkün nüvə partlayışı zamanı və ondan sonra atmalı olduqları addımları izah edən səkkiz dəqiqəlik təlim videosu yayımlayıb.

İsfahan əyalətinin fövqəladə hallar qrupları tərəfindən hazırlanan videoda nüvə partlayışının işığından və zərbə dalğasından qorunmaq, radioaktiv çirklənməyə məruz qalmamaq və təhlükəsiz məkanlarda sığınacaq tapmaqla bağlı ətraflı məlumat verilib.

Videonun yayılması ABŞ və İran arasında yeni hərbi toqquşma ehtimalının müzakirə olunduğu dövrə təsadüf edib. Xüsusilə ABŞ-ın İrana qarşı yeni hücum variantlarını nəzərdən keçirdiyinə dair xəbərlər Tehranın mülki müdafiə tədbirlərinə marağı artırıb.

İranın yayımladığı təlimatda mümkün nüvə partlayışı zamanı əhalinin atmalı olduğu addımlar ardıcıllıqla izah edilib. Açıq ərazidə partlayışa yaxalanan şəxslərə ilk növbədə partlayışın işığına birbaşa baxmamaq, yerə uzanaraq baş və üz nahiyələrini qorumaq tövsiyə olunub. Zərbə dalğası keçdikdən sonra isə ən yaxın möhkəm binaya daxil olmaq tapşırılıb.

Binaların içərisində olanlara zirzəmilərə və ya pəncərələrdən, eləcə də xarici divarlardan uzaqda yerləşən, binanın mərkəzindəki otaqlara keçmək məsləhət görülüb.

Təlimatda qapı və pəncərələrin bağlanmasının, çöldən hava qəbul edən kondisioner və havalandırma sistemlərinin söndürülməsinin vacibliyi də qeyd edilib.

Açıq havada olan və radioaktiv toza məruz qalmış ola biləcək şəxslərə üst geyimlərini silkələmədən çıxarıb bağlı torbaya qoymaq tövsiyə olunub. Daha sonra bədənin açıq qalan hissələrinin sabun və su ilə yuyulması izah edilib.

Vətəndaşlardan ən azı 24 saat sığınacaqda qalmağa hazır olmaları, bu müddətdə butulkalarda olan sudan və qablaşdırılmış ərzaqlardan istifadə etmələri istənilib. Təlimatda 24 saatın tamamlanmasının çölə çıxmaq üçün təkbaşına kifayət etmədiyi, rəsmi qurumların açıqlamalarının izlənilməsinin vacibliyi də vurğulanıb.

İsfahan Qızıl Aypara Cəmiyyətinin Təlim və Araşdırma şöbəsi müdirinin müavini İbrahim Adelzadə IRNA-ya açıqlamasında zirzəmilərin və ya binanın mərkəzində yerləşən, pəncərəsi olmayan otaqların təhlükəsiz sığınacaq ola biləcəyini bildirib.

İranın mülki müdafiə təlimatını yayımladığı günlərdə Vaşinqtonla Tehran arasındakı hərbi gərginlik də yenidən gündəmə gəlib.

Associated Press (AP) agentliyinin məlumatına görə, ABŞ rəsmiləri noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra İrana qarşı mümkün yeni hücumlara və Tehranın verə biləcəyi cavaba hazır olmaq üçün Yaxın Şərqdəki bəzi ölkələrə və regional müttəfiqlərə xüsusi xəbərdarlıqlar göndəriblər.

İki diplomatın verdiyi məlumatlara əsaslanan xəbərdə ABŞ Prezidenti Donald Trampın hələlik qəti hərbi müdaxilə qərarı vermədiyi bildirilib. Bununla belə, Trampın seçkilərdən sonra hərbi əməliyyat ehtimalını gündəmə gətirdiyi, mümkün hücumların bir neçə gün davam edə biləcəyi ilə bağlı qiymətləndirmələrin müttəfiqlərlə bölüşüldüyü qeyd olunub.

Xəbərdə ABŞ-ın bölgəyə əlavə olaraq təxminən 9 min hərbçi və dəniz qüvvələri göndərdiyi də bildirilib.

Region ölkələri mümkün Amerika hücumundan sonra İranın enerji obyektlərinə və mühüm infrastruktura qarşı cavab zərbələri endirə biləcəyindən narahatdır. (Musavat.com)