İmmuniteti gücləndirməyin ən asan yolu – Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur.

Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov “Lenta.ru”ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur.

O bildirib ki, ötən qış tez-tez xəstələnən insanlar ilk növbədə həkimə müraciət etməli və müayinədən keçməlidirlər. Çünki tez-tez xəstələnmənin səbəbi gizli şəkərli diabet kimi aşkarlanmamış sağlamlıq problemləri ola bilər.

İmmunitetin zəifləməsinə səbəb olan hər hansı problem aşkarlanmadıqda, növbəti mərhələdə orqanizmi möhkəmləndirmək üçün kontrast duşdan istifadə etmək olar. Lakin həkim bunun da yay aylarından etibarən tətbiq edilməsini məsləhət görüb.

İmmunoloq qeyd edib ki, əvvəllər kontrast duş qəbul etməyənlərin soyuq mövsümdə buna başlaması məsləhət deyil. Hazırda immuniteti dəstəkləməyin ən sadə yollarından biri polivitaminlər qəbul etmək və təbii meyvə-giləmeyvələrdən istifadə etməkdir.

Jemçuqov xüsusilə feyxoa meyvəsinə diqqət çəkib. Onun sözlərinə görə, feyxoanı şəkərlə qarışdıraraq faydalı qarışıq hazırlamaq mümkündür.

Həkim bunun üçün bir kiloqram feyxoanın bir kiloqram şəkərlə ətçəkən maşından keçirilməsini və soyuducuda saxlanmasını tövsiyə edib. Gündə iki qaşıq qəbul etməyin kifayət etdiyini bildirib.