Brokoli və digər xaççiçəkli tərəvəzlərin xüsusi modifikasiya olunmuş probiotiklərlə birləşməsi yoğun bağırsaq xərçənginə qarşı mübarizədə ümidverici nəticələr göstərib.
Sinqapur Milli Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda E. coli Nissle bakteriyasının genetik modifikasiya edilmiş ştammından istifadə olunub.
Tədqiqatçılar bakteriyaya tərəvəzlərdəki qlükozinolatları xərçəng əleyhinə xüsusiyyətləri olan sulforafana çevirən ferment əlavə ediblər. Laboratoriya sınaqlarında bu kombinasiya kolorektal xərçəng hüceyrələrinin 95 faizdən çoxunun çoxalmasını dayandırıb. Siçanlar üzərində aparılan təcrübələrdə isə şişlərin ölçüsü nəzarət qrupu ilə müqayisədə üç dəfə kiçik olub.
Alimlər bildirirlər ki, brokoli, gül kələmi, Brüssel kələmi və digər xaççiçəkli tərəvəzlər bu prosesdə mühüm rol oynayır. Onların tərkibindəki təbii maddələr xüsusi fermentin köməyi ilə daha aktiv xərçəng əleyhinə birləşmələrə çevrilir.
Tədqiqatçılar bu yanaşmanın gələcəkdə kolorektal xərçəngin müalicəsinə əlavə vasitə və əməliyyatdan sonra xəstəliyin təkrarlanmasının qarşısının alınması istiqamətində istifadə oluna biləcəyini düşünürlər.
Bununla belə, nəticələr əsasən laboratoriya və heyvan təcrübələrinə əsaslanır. Bu üsulun insanlarda effektivliyi hələ tam təsdiqlənməyib və ənənəvi xərçəng müalicəsini əvəz etmir.



