Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan şəxslərin ödəniş qarşılığında yenidən hərbi xidmətə cəlb olunması məsələsi maraq doğurur.
Bəs qanunvericilikdə belə bir imkan nəzərdə tutulubmu?
Mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda ödəniş qarşılığında ikinci dəfə hərbi xidmət keçmək qaydası mövcud deyil.
“Hərbi xidmətini başa vuran şəxslər sonradan yenidən hərbi sahədə fəaliyyət göstərmək istədikdə müvafiq qaydada müraciət edə bilərlər. Bu zaman onların hərbi xidmətə qəbul olunması qanunvericiliyin tələblərinə və müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilir.
Belə şəxslər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və ya zabit kimi xidmətlərini davam etdirmək imkanını nəzərdən keçirə bilərlər. Bunun üçün müvafiq qəbul prosedurlarından keçmək, bəzi hallarda isə xüsusi kurslarda iştirak etmək tələb olunur”.
Ü. Cəfərov vurğulayıb ki, hərbi xidmətə yenidən qayıtmaqla ödəniş qarşılığında ikinci dəfə hərbi xidmət keçmək anlayışları bir-birindən fərqlənir. Azərbaycanda ikinci dəfə hərbi xidmətə getmək üçün dövlətə müəyyən məbləğ ödəməyi nəzərdə tutan xüsusi mexanizm yoxdur.
“Həqiqi hərbi xidmət keçən şəxslərə tutduqları vəzifəyə və hərbi rütbələrinə uyğun olaraq dövlət tərəfindən pul təminatı verilir. Yəni hərbi qulluqçular xidmət etdikləri müddətdə vəzifə və rütbələrinə uyğun məvacib alırlar”.
Beləliklə, hərbi xidmətini başa vurmuş şəxslər yenidən hərbi sahədə fəaliyyət göstərmək üçün müraciət edə bilsələr də, bunun ödəniş qarşılığında ikinci dəfə hərbi xidmətə getmək formasında həyata keçirilməsi Azərbaycanda nəzərdə tutulmayıb.



