Şahzadə Diananın kiçik qardaşı Çarlz Spenserin qələmə aldığı memuarların nəşrinə bir həftə qalmış oğurlandığı məlum olub.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 62 yaşlı qraf Spenserin yazdığı “Qu quşunun nəğməsi: Diana, mənim bacım” adlı kitabın dörd nüsxəsi Niderlandda yük maşınından oğurlanıb.
Sürücü kitabları gələcək satış üçün anbara daşıyarkən istirahət etmək məqsədilə maşını yol kənarında saxlayıb. Səhər tezdən yuxudan duran şəxs avtomobilin qapılarının sındırıldığını və yük hissəsindən yalnız adıçəkilən kitabın bir neçə nüsxəsinin aparıldığını görüb. Hazırda Niderland polisi hadisə ilə bağlı araşdırma aparır.
“Daily Mail”in mənbəsi bu oğurluğu “olduqca şübhəli” adlandırıb.
“Keçmişdə heç vaxt belə bir vəziyyətlə üzləşməmişik. Ehtimal olunur ki, bu, cari ilin ən çox müzakirə ediləcək kitabıdır və ona görə də təhlükəsizlik qaydaları həddindən artıq gücləndirilmişdi. Nəşrin satışa çıxarılmasından əvvəl hər hansı informasiya sızmasına yol verməmək üçün bütün zəruri addımlar atılmışdı. Məhz buna görə də baş vermiş bu qeyri-adi hadisəyə çox ciddi yanaşılır”, – deyə qəzetin mənbəsi vurğulayıb.



