Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür – Hikmət Hacıyev

Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı “X” hesabındakı paylaşımda qeyd edib.

H.Hacıyev Forumda Qafqaz Albaniyasının tarixi və zəngin xristian irsi haqqında danışıb: “Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.

Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənələrini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğuladım.

Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş genişmiqyaslı dağıntılar, təhqirlər və dəyişikliklər barədə danışdım. Tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdim. Gürcüstanın xarici işlər naziri, BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birgə iştirak etdiyim panelə “Euronews”un baş icraçı direktoru moderatorluq etdi”.