Miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı? – AÇIQLAMA

Vərəsəlik zamanı söhbət yalnız mərhumun əmlakının bölüşdürülməsindən getmir.

Bəzən mirasla yanaşı, mərhumun banka, fiziki şəxslərə və ya digər şəxslərə olan borcları da vərəsələrin qarşısına çıxır.

Bəs miras qoyan şəxsin borcları varsa, vərəsələr həmin borclara görə məsuliyyət daşıyırlarmı?

Mövzu ilə bağlı hüquqşünas Xanım Yusifova bu barədə açıqlama verib:

“Miras qoyan şəxsin borcları olduqda, həmin borclar müəyyən şərtlərlə vərəsələrə keçə bilər. Lakin vərəsə mərhumun borclarına görə öz şəxsi əmlakı hesabına limitsiz şəkildə cavabdeh olmur. Ümumi qaydaya görə, vərəsələrin məsuliyyəti qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır.

Məsələn, mərhumun 30 min manatlıq əmlakı və 50 min manat borcu varsa, vərəsənin məsuliyyəti, bir qayda olaraq, ona keçən mirasın dəyəri həddində olur. Yəni vərəsə özünün əvvəldən sahib olduğu əmlak hesabına əlavə 20 min manat ödəməli deyil.

Burada mühüm məsələ vərəsənin mirası qəbul edib-etməməsidir. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən müddətlər və prosedurlar nəzərdə tutulur. Buna görə də vərəsəlik məsələsi yaranan zaman yalnız əmlakın deyil, mərhumun kredit, borc və digər öhdəliklərinin də olub-olmadığını araşdırmaq vacibdir.

Eyni zamanda, bir neçə vərəsə olduqda borcların hansı qaydada bölüşdürülməsi də onların mirasdakı payları və qəbul etdikləri mirasın dəyəri nəzərə alınmaqla müəyyən edilir.
Ona görə də “mərhumun borcu varsa, bütün borc avtomatik olaraq övladlarının üzərinə düşür” yanaşması doğru deyil. Hər bir konkret halda mirasın tərkibi, borcun məbləği, vərəsələrin mirası qəbul edib-etməməsi və digər hüquqi hallar ayrıca qiymətləndirilməlidir”.