“80-lər” trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!

Sosial mediada sürətlə yayılan “80-lər” trendi şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı müzakirələrə səbəb olub. Türkiyənin Şəxsi Məlumatların Mühafizəsi Qurumunun (KVKK) yaydığı açıqlamada istifadəçilərə süni intellekt tətbiqləri vasitəsilə fotoşəkillərin işlənməsi ilə bağlı xəbərdarlıq edilib.

Trend çərçivəsində istifadəçilər öz fotolarını süni intellekt alətlərinin köməyi ilə 1980-ci illərdən qalma nostalji görüntülərə çevirirlər. Geniş maraq doğuran bu proses əyləncəli görünsə də, şəxsi məlumatların necə və hansı məqsədlə emal edildiyi ilə bağlı suallar yaradır.

KVKK istifadəçiləri fotoşəkillərini bu cür tətbiqlərə yükləməzdən əvvəl rəqəmsal məxfiliyi nəzərə almağa çağırıb. Qurumun açıqlamasında bildirilib ki, “#80lerchallenge” kimi sosial media trendlərində istifadə olunan tətbiqlər fotoşəkillər üzərindən üz cizgiləri və mimikalar kimi biometrik məlumatların emalına səbəb ola bilər.

Trendin yayılmasında ChatGPT adı ilə göndərilən və istifadəçiləri bu prosesə qoşulmağa dəvət edən elektron məktubların da rol oynadığı bildirilib. Mütəxəssislər şübhəli e-maillərdəki keçidlərə birbaşa daxil olmamağı, göndərənin elektron poçt ünvanını yoxlamağı və istifadə olunan platformaların məxfilik siyasətini diqqətlə oxumağı tövsiyə edirlər.

Mütəxəssislərin fikrincə, tanınmış platformalardan istifadə müəyyən riskləri azalda bilər. Lakin heç bir rəqəmsal platforma 100 faiz təhlükəsizlik zəmanəti vermir. Buna görə istifadəçilərə şəxsi fotolarını və digər məlumatlarını paylaşarkən ehtiyatlı davranmaq tövsiyə olunur.