“Payız hüznü”ndən qurtulmağın yolu: Bu qidalara üstünlük verin, əhvalınız yaxşılaşacaq

Payızın gəlişi ilə günəşli saatların azalması bir çox insanda halsızlıq, yuxululuq, əhval-ruhiyyənin aşağı düşməsi və apatiyaya səbəb olur. Mütəxəssislər bu vəziyyəti “payız hüznü” adlandırırlar.

Qidalanma üzrə ekspert Yelena Jelyanina mövzu ilə bağlı “Ura.ru”ya danışıb.

Onun sözlərinə görə, düzgün qidalanma mövsüm dəyişikliyi dövründə əhvalın yaxşılaşmasına və orqanizmin gücünü qorumasına kömək edə bilər.

Mütəxəssis bildirib ki, payız hüznü sadəcə tənbəllik və ya pis əhval deyil, orqanizmin mövsüm dəyişikliyinə təbii reaksiyasıdır. Əsas səbəblərdən biri günəş işığının azalmasıdır. Bu zaman serotonin istehsalı azalır, melatonin səviyyəsi isə yüksəlir. Nəticədə insanda yuxululuq və apatiya yarana bilər. Günəş şüalarının təsiri ilə dəridə sintez olunan D vitamininin azalması və yay ərzində toplanan enerji ehtiyatlarının tükənməsi də vəziyyətə təsir göstərir.

Bu qidaları rasiona əlavə edin

Ekspert payız aylarında rasiona makaron və qoz-fındıq əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullar emosional fonun yaxşılaşmasına və orqanizmin keçid dövrünə uyğunlaşmasına kömək edə bilər.

Payız hüznü ilə mübarizədə işıqdan düzgün istifadə də vacibdir. Mütəxəssis günorta saatlarında gəzməyi, pərdələri açıq saxlamağı, pəncərənin yanında işləməyi və evdə təbii işıq spektrinə yaxın parlaq işıqdan istifadə etməyi məsləhət görür.

Yuxu və hərəkət rejimi önəmlidir

Yuxu rejiminə riayət etmək də əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər. Hər gün eyni vaxtda yatıb-durmaq, yatmazdan təxminən bir saat əvvəl isə telefon və digər elektron cihazlardan uzaq qalmaq tövsiyə olunur. Ekranlardan yayılan mavi işıq melatonin ifrazına mane ola bilər.

Fiziki aktivlik də mühüm amillərdəndir. Mütəxəssis qeyd edib ki, hərəkət endorfinlərin ifrazını stimullaşdırır və əhvalın yüksəlməsinə kömək edir. Bunun üçün ağır məşqlərdən başlamağa ehtiyac yoxdur: səhər gimnastikası, gəzinti və ya rəqs kimi sadə fəaliyyətləri müntəzəm şəkildə həyata keçirmək kifayətdir.

İş rejiminə də tədricən qayıtmaq məsləhətdir. Sentyabrın ilk günlərindən maksimum tempdə çalışmağa cəhd etmək əvəzinə əvvəlcə elektron poçtu nəzərdən keçirmək, iş masasını səliqəyə salmaq və plan hazırlamaq, daha sonra yükü mərhələli şəkildə artırmaq tövsiyə olunur.

Psixoloqlar isə payız aylarında insanın özünü rahat hiss etdiyi mühit yaratmasının vacibliyini vurğulayırlar. Ədyal, şamlar və interyerdə parlaq rəngli detallardan istifadə, həmçinin insana zövq verən məşğuliyyətlərə vaxt ayırmaq əhvalı yaxşılaşdıra bilər. Yaxınlarla və dostlarla ünsiyyəti qorumaq, birgə görüşlər keçirmək və yeni payız ənənələri yaratmaq da əhvalın aşağı düşməsinin qarşısını almağa kömək edir.

Əgər bu vəziyyət uzun müddət davam edir və yaxşılaşmırsa, mütəxəssislər psixoterapevtə və ya klinik psixoloqa müraciət etməyi tövsiyə edirlər.