Nigeriyada Lassa qızdırmasının yayılması ilə bağlı vəziyyət pisləşir. Ölkənin 36 ştatından 23-də xəstəlik halları aşkarlanıb.
Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) məlumatına görə, ilin əvvəlindən ölkədə 1 035 təsdiqlənmiş Lassa qızdırması hadisəsi qeydə alınıb, xəstəlikdən ölənlərin sayı isə 252-yə çatıb.
Qeyd olunur ki, Lassa qızdırması təsirlənmiş ştatlarda ciddi ictimai səhiyyə problemi olaraq qalır. NCDC xəstəliyə nəzarət və cavab tədbirlərini davam etdirir.
Ötən il Nigeriyada Lassa virusu səbəbindən 190 nəfər həyatını itirib.
Lassa qızdırması əsasən gəmiricilərlə təmas nəticəsində insana keçən virus infeksiyasıdır. Xəstəlik insandan insana da yayıla və ağır hallarda ölümcül hemorragik qızdırmaya səbəb ola bilər.
Xəstəlik Nigeriyadan başqa Mali, Toqo, Qana, Liberiya və Syerra-Leone kimi Afrika ölkələrində də müşahidə olunur. Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində aşkar edilib.
Hakimiyyət orqanları əhalini siçovul və digər gəmiricilərlə təmasdan çəkinməyə, yaşayış məntəqələrində gigiyena qaydalarına ciddi əməl etməyə çağırır.



