Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb.
Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Bravo” marketdən şokolad və “Red Bull” oğurlayıb.
Onun sözlərinə görə, “Red Bull” içkisini özü içib və şokoladı uşaqlara verib. O, əməlindən peşman olduğunu, bir daha bu hərəkəti təkrarlamayacağını bildirib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məmmədov 1 ay müddətinə həbs edilib.



