Azərbaycan-Özbəkistan arasında elm, təhsil və mədəni-humanitar əlaqələrin genişlənməsi Bakı Slavyan Universitetində də özünü göstərir. Universitetdə özbək dilinin tədrisinin təşkili, tələbə mübadiləsi və Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində bir sıra layihələr həyata keçirilir.
2023-cü ildə Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti ilə imzalanmış memorandum əsasında Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinin təşkili ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu çərçivədə 2025-ci ilin sentyabrından BSU-da özbək dilinin tədrisinə başlanılıb.
Hazırda universitetdə regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisasında özbək dilini öyrənən tələbələrin ümumi sayı 29 nəfərdir. 2025-2026-cı tədris ilində həmin ixtisas üzrə 29 tələbə qəbul olunub. 2026-2027-ci tədris ili üçün isə 45 yerin proqnozlaşdırılması özbək dilinin öyrənilməsinə və Mərkəzi Asiya istiqamətinə marağın artdığını göstərir.
Qeyd olunub ki, BSU ilə Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti və Namangan Dövlət Universiteti arasında Azərbaycan dilinin tədrisi istiqamətində əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.
Azərbaycan-Özbəkistan arasında akademik mobillik imkanları da genişləndirilir. Hazırda tələbə mobilliyi proqramı çərçivəsində Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetindən 2 tələbə BSU-da təhsil alır. Eyni proqram çərçivəsində BSU-nun 1 tələbəsi Özbəkistanda – Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetində təhsil alır.
Universitetdə Özbəkistanla bağlı elmi və mədəni əlaqələrin inkişafına yönəlmiş tədbirlər də diqqət mərkəzində saxlanılır. Belə ki, sentyabrın 7-dən 13-dək BSU-da Azərbaycanşünaslıq üzrə beynəlxalq yay məktəbinin keçirilməsi nəzərdə tutulur. Yay məktəbində Özbəkistanın ali təhsil müəssisələrindən 4 tələbənin – Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetindən 2, Səmərqənd Dövlət Pedaqoji İnstitutundan isə 2 tələbənin iştirakı planlaşdırılır.
Bundan əlavə, BSU-nun Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə) ixtisası iki nəfər I kurs tələbəsi iyulun 12-dən 21-dək Daşkənd və Səmərqənd şəhərlərində keçirilən “Özbək dili və mədəniyyəti” beynəlxalq yay məktəbində iştirak ediblər. Yay məktəbi Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və Səmərqənd Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan-Özbəkistan arasında dil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində müəllim və mütəxəssis mübadiləsinə də diqqət yetirilir. BSU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Məleykə Mirzəlinin sentyabrın 1-dən dekabrın 30-dək özbək dilini təkmilləşdirmək məqsədilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə ezam olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq yalnız tələbə və müəllim mübadiləsi ilə məhdudlaşmır. İki ölkənin ali təhsil müəssisələri arasında dil tədrisi, akademik mobillik, yay məktəbləri, birgə tədbirlər və elmi əlaqələrin inkişaf etdirilməsi Azərbayca-Özbəkistan münasibətlərinin humanitar və intellektual əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin Elmi şurasının 2025-ci il 28 aprel tarixli qərarı ilə həmin universitetin fəxri professoru adına layiq görülüb. Bu fakt da iki ali təhsil müəssisəsi arasında formalaşan qarşılıqlı etimad və akademik əlaqələrin göstəricilərindən biridir. (Azərtac)



