Maykl Pens: ABŞ və Türkiyə Suriyada atəşkəs məsələsində razılığa gəliblər

0
414

ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər.
Bu barədə oktyabrın 17-də ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
M.Pens “Sülh çeşməsi” əməliyyatının ilk mərhələdə 120 saatlığına dayandırılacağını vurğulayaraq bildirib ki, ABŞ YPG-nin təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. Bu müddətdə YPG təhlükəsiz bölgədən geri çəkiləcək. Türkiyə və ABŞ İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində razılığa gəliblər və İŞİD terrorçularının saxlanıldığı həbsxanalarla bağlı əlaqələndirilmiş şəkildə hərəkət edəcəklər.
“Bir az əvvəl Prezident Tramp ilə danışdım. Donald Tramp Rəcəb Tayyib Ərdoğanın atəşkəsə və sülh yolu ilə həll variantına razılıq verməsindən çox məmnun qaldı. Beş saat ərzində müzakirələr apardıq və bu görüş sayəsində bir çox insanın həyatı xilas edildi. ABŞ YPG-nin geri çəkilməsini asanlaşdıracaq. Bu, həyata keçdikdə isə Türkiyə davamlı atəşkəsə razı olacaq. Təmsilçilərimiz hazırda təhlükəsiz bölgədədir və YPG-nin 20 mil məsafədə geri çəkilməsi üçün danışıqlar aparırlar. ABŞ atəşkəs rejiminin tətbiqindən sonra artıq Türkiyəyə sanksiya tətbiq etməyəcək və indiyədək qoyulan sanksiyalar aradan qaldırılacaq”, – deyə ABŞ-ın vitse-prezidenti bildirib.