Bu material hazırlanarkən kimlərsə bizi şişirtmələrdə qınamağa cəhd etməsin deyə, Ukrayna dövlət və media mənbələrinə əsaslanmadan, əsasən BMT-nin müstəqil araşdırmaları, Beynəlxalq Cinayət Məhkəməsi, “Human Rights Watch”, “Amnesty International”, “Reuters” və digər Qərb, həmçinin Yaponiya və Cənubi Koreya mənbələrinin sənədləşdirdiyi faktlar nəzərə alınıb…
Rusiya imperiyasının son 3 əsrə yaxın tarixində qonşu xalqlar üzərində ərazi genişləndirilməsi, siyasi tabeçilik və yerli kimliklərin zəiflədilməsi dəfələrlə təkrarlanan siyasət olub. Azərbaycan da bu imperiya siyasətinin ağır nəticələrini bu günədək yaşayan və hazırda da üzərində hiss edən xalqlardandır: 1804–1813 və 1826–1828-ci illər Rusiya-Qacar müharibələrindən sonra Azərbaycanın şimal xanlıqları Rusiya imperiyasının hakimiyyətinə keçib, Gülüstan və Türkmənçay müqavilələri ilə ölkənin parçalanması rəsmiləşib. Sonrakı imperiya və sovet dövrlərində milli elitanın repressiyası, deportasiyalar, kütləvi manqurtlaşdırma çərçivəsində İslam dinindən və yerli milli dəyərlərdən uzaqlaşdırmaqla ruslaşdırma və siyasi nəzarət yerli xalqların müqavimət imkanlarını zəiflətməyin əsas vasitələrindən olub. Eyni siyasətin müxtəlif formalarını Şimali Qafqaz, Krım, Volqaboyu, Mərkəzi Asiya və digər türk-müsəlman xalqlarının tarixində də görmək mümkündür. Bu baxımdan 24 fevral 2022-ci ildə mövcud diktator Putinin rəhbərlik etdiyi işğalçı rejim tərəfindən başladılan Rusiya-Ukrayna müharibəsi imperiya siyasətinin müasir Avropadakı ən qanlı təzahürlərindən biri kimi qiymətləndirilir.

“Bunlar ayrı-ayrı hadisələr deyil…” — beynəlxalq araşdırmaların ortaya qoyduğu mənzərə…
Ukraynada Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri araşdırarkən emosional və təbliğati məlumatlarla beynəlxalq səviyyədə təsdiqlənmiş faktları ayırmaq vacibdir. Bu material hazırlanarkən kimlərsə bizi şişirtmələrdə qınamağa cəhd etməsin deyə, Moderator.az tərəfindən Ukrayna dövlət və media mənbələrinə əsaslanmadan, əsasən BMT-nin müstəqil araşdırmaları, Beynəlxalq Cinayət Məhkəməsi, “Human Rights Watch”, “Amnesty International”, “Reuters” və digər Qərb mənbələrinin sənədləşdirdiyi faktlar nəzərə alınıb.
Bu mənbələrin ortaya qoyduğu mənzərə isə olduqca ağırdır: mülki şəxslərin qətlə yetirilməsi, işgəncə, qanunsuz həbs, seksual zorakılıq, zorla yoxa çıxarma, yaşayış məntəqələrinin dağıdılması və uşaqların qanunsuz deportasiyası ayrı-ayrı epizodlar şəklində deyil, müxtəlif ərazilərdə təkrarlanan hallar kimi sənədləşdirilib. BMT-nin Ukrayna üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası 2022-ci ilin oktyabrında artıq qanunsuz edam, işgəncə, qanunsuz həbs və seksual zorakılıq hallarına dair sübutlar topladığını açıqlamışdı.
Buça: əlləri bağlanmış meyitlər…
2022-ci ilin martında Rusiya qoşunlarının Kiyev ətrafındakı ərazilərdən geri çəkilməsindən sonra Buçada aşkarlanan mənzərə müharibənin simvollarından birinə çevrildi.

“Reuters” jurnalistləri əlləri bağlanmış, başından güllələnmiş mülki şəxslərin meyitlərini gördüklərini və hadisə yerində şahid ifadələri topladıqlarını yazdı. Agentliyin araşdırmasında bəzi qurbanların işgəncə əlamətləri ilə aşkarlandığı bildirilib.
“Reuters”-in ayrıca araşdırması Rusiya hərbi hissələrinin Buçada hərəkət marşrutlarını, komandirlik strukturlarını və konkret əsgərlərin bölgədə olmasını araşdırıb.
Ən mühüm məqam isə odur ki, Buçadakı hadisələr yalnız jurnalist araşdırmaları ilə məhdudlaşmayıb. BMT Komissiyası da mülki şəxslərin qanunsuz öldürülməsi və digər ağır pozuntuları sənədləşdirib.
Buçada 47 yaşlı Vasıl Nedaşkivskiy Rusiya hərbçilərinin yaşayış binasında yaratdığı komanda məntəqəsinə aparılmazdan əvvəl döyülüb. “Reuters” onun həyat yoldaşı Tatyananın və qonşuların ifadələrini, habelə hadisə yerindəki foto və videoları araşdırıb. Şahidlərin sözlərinə görə, rus əsgərləri Nedaşkivskinin mənzilində gizlədilmiş avtomat silahı aşkar etdikdən sonra onu sorğu-suala aparıblar. Təxminən iki həftə sonra onun meyiti zirzəminin pilləkənlərində tapılıb; “Reuters”-in gördüyü fotoda üzünün və əllərinin küt alətlə ağır şəkildə əzildiyi görünürdü. Rusiya tərəfi Buçada mülki şəxsləri hədəfə aldığını inkar edib…
Buça sakini Andrey Verbovoy işğal zamanı saxlanılan və sonradan edam edilmiş səkkiz kişidən biri olub. “AP”-nin materialına görə, onun həyat yoldaşı Natalya əvvəlcə meyitlər arasında Andreyi tanıya bilməyib. Bir ay sonra morqda onun meyitini geyindiyi corablardan tanıyıb. “AP”-nin danışdığı ailə üzvlərinin sözlərinə görə, Verbovoyu və digər kişilər rus qoşunlarının irəliləməsinin qarşısını almağa çalışan könüllü müdafiə dəstəsində idilər; onların meyitləri bir ay ərzində Yablunska küçəsində qalıb.
“Reuters”-in Buça araşdırmasında Tatyana Volodımirivna adlı qadının ifadəsi xüsusi yer tutur. O, rus əsgərləri tərəfindən 4 gün saxlanıldıqdan sonra azad edilib, ərindən isə xəbər çıxmayıb. Günlər sonra binanın zirzəmisində onun meyitini tapıblar. Tatyana ərini ayaqqabılarından və şalvarından tanıdığını, meyitin ağır şəkildə eybəcərləşdirildiyini bildirib. “Reuters”-in materialında meyitin başından güllə yarası olduğu və işgəncə əlamətləri daşıdığı qeyd edilir.
Rusiya hakimiyyəti Buçadakı ittihamları rədd edib və hadisələri saxta adlandırıb. Lakin “Reuters”-in hadisə yerindən topladığı fiziki sübutlar və şahid ifadələri bu versiyanı ciddi şəkildə mübahisələndirib…
İşgəncə: sistemli xarakter alan zorakılıq…

İşğal olunmuş ərazilərdə mülki şəxslərin qanunsuz saxlanılması və işgəncəyə məruz qalması barədə sübutlar sonrakı illərdə daha da artıb.
BMT Komissiyası 2023-cü ildə Xerson və Zaporojye vilayətlərində Rusiya qüvvələrinin nəzarətində olmuş ərazilərdə işgəncənin geniş yayılmış və sistemli şəkildə tətbiq edildiyi qənaətinə gəlib.
BMT-nin 2025-ci il araşdırması isə azad edilmiş mülki şəxslərin ifadələrinə əsaslanaraq döyülmə, elektrik cərəyanı ilə işgəncə, seksual zorakılıq, ölüm hədələri və digər qəddar rəftar hallarını sənədləşdirib.
Bu fakt artıq təkcə ayrı-ayrı şahid ifadələrindən ibarət deyil. Reuters-in BMT hesabatına dair məlumatına görə, BMT İnsan Hüquqları Missiyası işğal olunmuş ərazilərdə saxlanılmış 171 mülki şəxslə bağlı etibarlı məlumatları araşdırıb və onların təxminən 90 faizinin işgəncə və ya qəddar rəftara məruz qaldığını müəyyən edib. Sənədləşdirilən üsullar arasında ağır döyülmə, təpiklə vurma, dırnaqların altına iti əşyalar salma, boğulma hissi yaratmaq, saxta edamlar və elektrik cərəyanından istifadə vardı. Qurbanlar arasında uşaq da olub.
“Human Rights Watch”-un 2026-cı il qiymətləndirməsində də Rusiyanın işğal etdiyi ərazilərdə minlərlə ukraynalı mülki şəxsin qanunsuz saxlanıldığı, jurnalist və fəalların da bu repressiyaların hədəfinə çevrildiyi bildirilir. Təşkilat işgəncə və digər ağır rəftar hallarını ayrıca vurğulayır…
Zorlama və seksual zorakılıq…
Müharibənin ən ağır və ən az görünən cinayətlərindən biri seksual zorakılıqdır.
BMT Komissiyası Rusiya qüvvələrinin nəzarətində olmuş ərazilərdə zorlama və digər seksual zorakılıq hallarını sənədləşdirib. Komissiyanın məlumatına görə, belə hallar həm mülki əhalinin yaşadığı evlərdə, həm də qanunsuz saxlanma yerlərində baş verib; bəzi hallarda seksual zorakılıq işgəncənin bir forması kimi tətbiq olunub…
BMT-nin müstəqil Təhqiqat Komissiyası Rusiya qüvvələrinin işğal etdiyi ərazilərdə seksual zorakılıq hallarını ayrıca sənədləşdirib. Komissiyanın məlumatına görə, rus hərbçiləri ev-ev axtarışlar zamanı qadınlara qarşı zorlama törədib; bəzi hallarda qadınlar və qızlar zorakılığa məruz qalıb. 2023-cü il BMT hesabatında işğal olunmuş ərazilərdə evlərə girən rus əsgərlərinin qadınları və bir qızı zorladığı konkret hallar qeyd olunur. Daha sonrakı BMT araşdırmaları seksual zorakılığın bəzi hallarda işgəncə metodu kimi tətbiq edildiyi qənaətinə gəlib
“Reuters” də Buça və Kiyev ətrafındakı digər yaşayış məntəqələrində Rusiya hərbçilərinin törətdiyi iddia olunan zorakılıqlar barədə beynəlxalq insan hüquqları təşkilatlarının araşdırmalarını işıqlandırıb. “Amnesty International” həmin dövrdə hadisələrin “ayrı-ayrı” deyil, Rusiya qüvvələrinin nəzarət etdiyi yaşayış məntəqələrində təkrarlanan xarakter daşıdığı qənaətinə gəlmişdi.
Mülki əhali yalnız işğal olunmuş ərazilərdə hədəf olmayıb…

Rusiyanın Ukraynaya qarşı müharibəsində dinc əhali üçün təhlükə yalnız Rusiya ordusunun quru qoşunlarının nəzarət etdiyi ərazilərlə məhdudlaşmayıb.
Mülki yaşayış məntəqələri, enerji infrastrukturu, xəstəxanalar, məktəblər və digər obyektlərə raket və dron hücumları genişmiqyaslı dağıntılara və insan tələfatına səbəb olub. “Human Rights Watch” 2026-cı il hesabatında Rusiya qüvvələrinin mülki əhali üçün ağır nəticələr doğuran həm hədəfli, həm də ayrı-seçkisiz hücumlarını qeyd edir.
Hətta 2026-cı ilin avqustunda “HRW” Kiyevə qarşı həyata keçirilmiş və kaset sursatından istifadə edildiyi ehtimal olunan raket hücumunu potensial müharibə cinayəti kimi qiymətləndirib…
2023-cü il yanvarın 14-də Dneprdə yaşayış binasına dəyən Rusiya raketi Ukraynalı boks məşqçisi Mixail Korenovskinin ailəsinin həyatını darmadağın etdi. Reuters onun iki uşaq atası olduğunu və raket zərbəsi zamanı mənzilində öldüyünü yazıb. Dağıntının fotolarında raketin evin xarici divarını tamamilə qopartdığı görünürdü. Korenovskiy cəmi bir neçə gün əvvəl qızının dördüncü doğum gününü həmin mətbəxdə qeyd etmişdi. Onun həyat yoldaşı və iki qızı həmin vaxt evdən kənarda olduqları üçün sağ qalmışdılar.
2024-cü il martın 2-də Rusiya dronu Odessada yaşayış binasına çırpılıb. Reuters-in məlumatına görə, ölənlər arasında dörd aylıq Tymofiy və iki yaşlı Mark adlı uşaqlar olub. Ən dəhşətli mənzərələrdən biri isə dağıntılar altında körpəsini qucaqlamış vəziyyətdə tapılan gənc ana idi. AP hadisə yerindən verilən materialında ananın səkkiz aylıq uşağını öz bədəni ilə qorumağa çalışdığı və ana ilə körpənin bir-birinə sıxılmış halda tapıldığını yazıb.
2022-ci il martın 9-da Mariupoldakı doğum evinə Rusiya hava zərbəsi endirildi. Reuters-in müharibənin ilk altı ayına dair xronologiyasında hücum nəticəsində üç nəfərin, o cümlədən bir uşağın öldüyü qeyd olunur. Hadisə zamanı hamilə qadınlar və tibb işçiləri binada idi. Moskva xəstəxananın artıq istifadə olunmadığını və orada döyüşçülərin yerləşdiyini iddia edirdi, lakin OSCE hücumu mümkün müharibə cinayəti kimi qiymətləndirmişdi
Kiyev: Putin Rusiyasının işğalçı müharibəsinin son aylarda gətirdiyi ailə faciələri…

İki bacı bir raket zərbəsinin qurbanı oldu… 2026-cı il mayın 14-də Kiyevdə yaşayış binasına Rusiya raketinin zərbəsi nəticəsində 24 nəfər həlak oldu. Ölənlər arasında 12 yaşlı Lyubava və 17 yaşlı Vira Yakovleva adlı iki bacı da vardı. Onların anası Tatyana sağ qalsa da, iki qızını itirdi. Ataları Yevhen Yakovliev isə 2023-cü ildə Luqansk vilayətində döyüşlər zamanı həlak olmuşdu. Beləliklə, qadın bir neçə il ərzində həm həyat yoldaşını, həm də iki qızını müharibədə itirmiş oldu. “AP”-nin məlumatına görə, bacıların dəfnində müəllimləri, sinif yoldaşları və ailə dostları iştirak edib…
İyulun əvvəlində bir ailənin iki üzvü itkin düşdü… 2026-cı il iyulun 2-dən 3-nə keçən gecə Kiyevə edilən Rusiya raket-dron hücumu şəhərdə həmin ilin ən ölümcül zərbələrindən biri oldu: ən azı 30 nəfər öldü, 92 nəfər yaralandı. “Reuters” dağıntılar altında 10 yaşlı oğlanın valideynlərinin və 15 yaşlı bir qızın itkin olduğunu bildirdi. Xilasetmə işləri davam edərkən ailələr dağıntıların altında yaxınlarının taleyindən xəbər gözləyirdi. Eyni gün Sumı vilayətində Rusiya dronunun yaşayış evinə zərbəsi nəticəsində bir qadın və onun azyaşlı qızı da daxil olmaqla dörd nəfər öldü…
Üç yaşlı oğlan nənə-babası ilə birlikdə öldürüldü… 2026-cı il avqustun 8-də Kiyev vilayətinin Brovarı rayonunda Rusiya dron hücumu nəticəsində 3 yaşlı oğlan və onun iki nənə-babası həlak olub. “Reuters” hadisəni ayrıca ailə faciəsi kimi sənədləşdirib: zərbə yaşayış evlərinə düşüb, yanğınlar baş verib. Həmin gecə Kiyevin özünə də ballistik raketlərlə hücum edilib…
Yeri gəlmişkən, materialı hazırladığımız anlarda (22 avqust 2026. Səhər saat 7-8 radələri) Kiyev və digər Ukrayna şəhərlərinin Rusiyanın raket zərbələrinə məruz qalması və insan itkiləri haqda yeni xəbərlər almaqdayıq…
Bu fərdi hekayələr müharibənin statistikasını insan simasına çevirir…

Buçada Vasıl Nedaşkivskinin döyülərək aparılması və meyitinin zirzəmidə tapılması, Andrey Verbovou və digər 7 kişinin edam edilməsi, saxlanılan mülki şəxslərin işgəncələrə məruz qalması, işğal ərazilərində qadın və qızların zorlanması, Dneprdə iki uşaq atasının öz evində raket zərbəsi nəticəsində öldürülməsi, Odessada ana ilə körpəsinin dağıntılar altında qucaqlaşmış halda tapılması, Mariupolda doğum evinin vurulması, Kiyevdə bütöv ailələrin məhvi və s. ayrı-ayrı faciələr kimi görünə bilər. Lakin BMT-nin minlərlə şahid və qurbanla apardığı araşdırmalar bu hadisələrin daha geniş zorakılıq mənzərəsinin hissələri olduğunu göstərir. 2024-cü ilin BMT hesabatında işğal olunmuş ərazilərdə 56 mülki şəxsin edamı, 171 saxlanılan şəxslə bağlı isə geniş yayılmış işgəncə barədə sübutlar qeyd edilmişdi…
Qeyd:
Zorlama qurbanlarının adlarını və onları müəyyən etməyə imkan verən detalları qəsdən vermədik. Beynəlxalq mənbələrdə onların bir çoxu anonim saxlanılır və bunu qorumaq həm etik, həm də jurnalist baxımından daha doğrudur…
Uşaqlar: müharibənin ən ağır epizodlarından biri…
Beynəlxalq hüquqi baxımdan ən ciddi məsələlərdən biri Ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Rusiyaya aparılmasıdır.
Beynəlxalq Cinayət Məhkəməsi 17 mart 2023-cü ildə Vladimir Putin və Rusiya ombudsmanı Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarıb. Məhkəmə onların Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsinə görə məsuliyyət daşıya biləcəyinə dair əsasların olduğunu açıqlayıb.
Bu məsələ bununla da bitməyib. BMT-nin 12 mart 2026-cı il tarixli yeni nəticəsində Ukraynalı uşaqların deportasiyası və məcburi köçürülməsi üzrə araşdırmanın davam etdiyi və bəzi halların insanlıq əleyhinə cinayətlər kontekstində qiymətləndirildiyi bildirilib…
Bəs bütün bunlar nə qədər genişdir?..
Burada ehtiyatlı olmaq lazımdır. Müharibə şəraitində yayılan hər bir rəqəmi və hər bir hadisəni avtomatik olaraq təsdiqlənmiş fakt kimi qəbul etmək düzgün deyil. Məhz buna görə BMT, “Reuters”, Beynəlxalq Cinayət Məhkəməsi və beynəlxalq insan hüquqları təşkilatlarının müstəqil şəkildə sənədləşdirdiyi hadisələr daha böyük əhəmiyyət daşıyır.
BMT Komissiyasının müxtəlif illərdəki hesabatları göstərir ki, problem yalnız Buça kimi bir yaşayış məntəqəsində baş vermiş faciədən ibarət deyil. Qanunsuz öldürmə, işgəncə, seksual zorakılıq və qanunsuz saxlanma üzrə təkrarlanan nümunələr müxtəlif vilayətlərdə qeydə alınıb.
“Human Rights Watch” da 2026-cı ildə Rusiyanın Ukraynadakı fəaliyyətini müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və digər beynəlxalq humanitar hüquq pozuntuları kontekstində qiymətləndirib.
BMT-nin təsdiqlədiyi məlumatlara görə, 24 fevral 2022-ci ildən 31 iyul 2026-cı ilədək Ukraynada müharibə nəticəsində ən azı 16 min 868 mülki şəxs həlak olub, 51 min 223 nəfər yaralanıb. Beləliklə, sənədləşdirilmiş mülki itkilərin sayı 68 min 091 nəfərə çatır. BMT real rəqəmlərin bundan xeyli yüksək ola biləcəyini bildirir. Yaralananlar arasında ömürlük əlillik və ya şikəstlik əldə edənlərin dəqiq sayı isə ayrıca hesablanmır…
Qeyd edək ki, Yaponiyanın “Asahi Shimbun”, “NHK”, “Kyodo”; Cənubi Koreyanın “Yonhap” və “Korea Times” kimi mənbələrində də Buça, Mariupol, Xarkov, Kiyev, işgəncə, seksual zorakılıq və mülki şəxslərə hücumlarla bağlı materiallar var. Məsələn, “Asahi Shimbun” Buça hadisələrini Katın qətliamı ilə müqayisə edən material dərc edib; bu, xüsusilə Rusiya tərəfinin qətliamı inkar etməsi kontekstində maraqlı paraleldir…
Ən ağır nəticə: cinayətlərin sənədləşdirilməsi artıq beynəlxalq hüquq məsələsidir…

Bu gün məsələ yalnız “Rusiya nə edib?” sualı ilə məhdudlaşmır. Daha mühüm mərhələ kimlərin məsuliyyət daşıdığının müəyyənləşdirilməsidir.
Beynəlxalq Cinayət Məhkəməsinin Putin və Lvova-Belova barədə həbs qərarları bu prosesin ən yüksək səviyyəli nümunəsidir. Buça üzrə isə 2026-cı ilin martında Avropa İttifaqı həmin hadisələrlə əlaqələndirilən 9 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. “Reuters”-in məlumatına görə, onların arasında Rusiya ordusunun yüksək rütbəli komandirlərindən biri də olub.
Beləliklə, 4 ildən artıq müharibənin sənədləşdirilmiş mənzərəsi kifayət qədər aydındır: mülki şəxslərin qətlə yetirilməsi, işgəncə, seksual zorakılıq, qanunsuz həbslər, məcburi köçürmələr, uşaqların deportasiyası və mülki infrastruktura hücumlar barədə çoxsaylı müstəqil beynəlxalq sübutlar mövcuddur.
Moskva bu ittihamların əksəriyyətini rədd edir. Lakin söhbət artıq yalnız tərəflərin bir-birinə qarşı ittihamlarından getmir. BMT-nin təhqiqatları, “Reuters”-in hadisə yerlərində apardığı araşdırmalar, beynəlxalq hüquq qurumlarının qərarları və “Human Rights Watch” kimi təşki latların çoxillik sənədləşdirməsi bir-birindən müstəqil şəkildə oxşar nəticəyə gəlir.
Tarixin qarşısında indi iki sual dayanır: bu cinayətlər necə baş verdi və başda diktator Putin, “FSB”, “QRU” rəhbərləri, müdafiə naziri, ordu komandanları və s. olmaqla onların əmrini verənlər, təşkil edənlər və törədənlər nə vaxt məsuliyyətə cəlb ediləcək?..



