Qəlyanla bağlı böyük yanlış: “Müştük dəyişir, amma qəlyan təmizlənmir”
Son illər Azərbaycanda qəlyan istifadəsinin, xüsusilə də gənclər arasında yayılması narahatlıq doğurur. Qəlyanxanaların sayının artması ilə yanaşı, bu məhsulun siqaretdən daha az zərərli olduğu barədə yanlış təsəvvür də geniş yayılıb. Halbuki mütəxəssislər qəlyan tüstüsünün tərkibində nikotin və müxtəlif kimyəvi maddələrin olduğunu, həm qəlyan çəkən şəxsin, həm də ətrafındakı insanların ciddi risklərlə üzləşdiyini bildirirlər.
Qəlyan çəkənlərin əsas arqumentlərindən biri də istifadə zamanı ağızlıqların, yəni müştüklərin dəyişdirilməsidir. Onların fikrincə, hər müştəri üçün yeni müştükdən istifadə edilməsi qəlyanı daha gigiyenik və təhlükəsiz edir.
Həkim-pulmonoloq Əsəd Beydullayev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Bu məsələ çox aktualdır, ağ ciyər həkimi kimi məni çox narahat edir. Sulu qəlyanlar əvvəllər ənənəvi olaraq mövcud olsa da, son 10 ildə Azərbaycanda xüsusilə populyarlaşıb. Çox təəssüf ki, cəmiyyətdə sulu qəlyanın zərərsiz olması, tüstünün sudan keçərək yumşalması ilə bağlı yanlış fikir formalaşıb. Əslində, bir sulu qəlyanın çəkilməsi 20 ədəd siqaret çəkilməsi qədər zərər verə bilər. Onun tərkibində həm nikotin, həm də ətir, dad və rəngverici çoxlu sayda naməlum kimyəvi maddələr var. Bu maddələr nəfəs yollarına daxil olduqda ciddi zərər vura bilər.

Birinci növbədə, zərər qəlyan çəkən insanın özünə dəyir. Bu kimyəvi təsir tənəffüs yollarına ciddi təsir göstərir. Allergik astması, xroniki obstruktiv ağciyər xəstəliyi və ya tənəffüs yolu infeksiyası olan insanlarda xəstəliyin kəskinləşməsinə və ciddi fəsadlara səbəb ola bilər. Eyni zamanda, uzun müddət qəlyan çəkilməsi ciddi nəfəs darlığı ilə müşayiət olunan xroniki obstruktiv ağciyər xəstəliyinin formalaşmasına gətirib çıxara bilər. Bundan əlavə, qəlyan çəkilərkən ucluq dəyişdirilsə belə, borunun daxilində və tənəffüs yollarından gələn hissəciklərdə vərəm çöpləri və digər infeksion xəstəliklərin törədiciləri qala bilər. Bu da yoluxma riskini artırır. İkinci məsələ passiv içicilikdir. Qəlyan çəkilən məkanda oturub bir saat yarım-iki saat vaxt keçirən şəxs avtomatik olaraq passiv içən şəxsə çevrilir və ən az qəlyan çəkən insan qədər zərər görə bilər. Yəni bir zərəri qəlyan çəkən insanadırsa, ikinci zərəri onun yanında oturan dostunadır. Üçüncü və ən ağrılı məsələ isə bu müəssisələrdə çalışan gənclərlə bağlıdır. Qəlyanxanalarda əksər hallarda gənc oğlanlar və xanımlar çalışır. Onlar qəlyanın hazırlanması, masaya gətirilməsi və xidmət prosesi zamanı onu közərtmək və alovlandırmaq üçün dəfələrlə içlərinə çəkirlər. Təsəvvür edin ki, 8-9 saat bu tüstünün içində çalışan gənc müştəriyə xidmət göstərmək üçün davamlı olaraq həmin tüstünü ciyərlərinə çəkməli olur. Bu, gələcəkdə çox ciddi fəsadlarla qarşılaşacağımızdan xəbər verir və xüsusi toxunulmalı məsələdir”.
Həkim çıxış yolundan danışaraq qeyd edib ki, qəlyan çəkilən məkanları mümkün qədər açıq havada təşkil etmək lazımdır, heç olmasa passiv qəlyan çəkənlərin faizi aşağı düşsün: “Qəlyan cihazlarının tez-tez reydlər vasitəsilə yoxlanılması, yaxma nümunələrinin götürülərək infeksion baxımdan qiymətləndirilməsi və istifadə olunan maddələrin kimyəvi tərkibinə, keyfiyyətinə nəzarət edilməsi faydalı ola bilər. Orada çalışan gənclərin mütəmadi tibbi müayinələrdən keçməsi də çox vacibdir. Bu tədbirlərlə problemin miqyasını və vurduğu zərəri müəyyən qədər azaltmaq olar. Amma təəssüf ki, dediklərim hələlik utopiyadır. Reallıqda isə Bakıda çoxlu sayda qəlyanaltı və qəlyanxana fəaliyyətini davam etdirir.
Sonda onu da vurğulamaq istəyirəm ki, nədənsə qulluq görünüşünə, tüstünün bolluğuna və ətirlərə görə xanımlar bu vərdişə daha çox üstünlük verirlər. Hətta bəzi yerlərdə müştəri cəlb etmək üçün xanımlara ödənişsiz qəlyan təklif olunur ki, bu da dəhşətli haldır. Çünki genetik olaraq qadınların ağciyərləri və tənəffüs yolları kişilərinkinə nisbətən daha zərifdir və zədələnmə riski daha yüksəkdir. Bu gedişlə gələcəkdə qadınlar arasında ağciyər xərçəngi, xroniki obstruktiv ağciyər xəstəliyi, kəskinləşmiş astma, tez-tez yaranan pnevmoniyalar və yoluxucu xəstəliklərlə daha çox qarşılaşacağıq. Ümid edirəm ki, qarşıdakı dövrdə bu bəlaya qarşı ciddi mübarizə aparılacaq”.



