Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər

0
410

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan türk və türkdilli icmaların nümayəndələri Ağ evin qarşısına toplaşaraq, Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər. Türkiyə-Amerika Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada “YPG-PKK terrorçu təşkilatlardır”, “Biz Türkiyə ordusunu dəstəkləyirik”, “PKK uşaq qatilləridir” şüarları səsləndirilib.

Türk fəalları Ağ evin qarşısını qırmızı-ağ rəngləyərək, Türkiyənin bu savaşda tək olmadığını ucadan bildiriblər.

Separatçı terror təşkilatına qarşı şüarlar səsləndirən aksiya iştirakçıları ABŞ rəhbərliyini terror təşkilatı YPG-PKK-ya dəstəyini kəsməyə çağırıb.

Türkiyənin 1980-ci illərdən bəri PKK terror təşkilatının çoxsaylı hücumlarına məruz qaldığı ifadə olunub. Həmin terror aktları nəticəsində 30 mindən çox insanın öldürüldüyü qeyd edilib. Bu səbəblərə görə, ABŞ, Avropa İttifaqı və BMT PKK-nı terror təşkilatı adlandırıb. Bildirilib ki, Türkiyə ordusunun əməliyyatı dinc kürd əhalisinə qarşı deyil, YPG-PKK adlı silahlı terrorçu qüvvələrinə qarşı keçirilir.

Aksiya iştirakçıları qeyd ediblər ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləmə kampaniyasına başlayıb. Bu əməliyyatlar zamanı yerli kürd əhaliyə qarşı da zorakılıqlar tətbiq edildiyi məktubda xüsusi vurğulanıb. Məhz bu səbəbdən, aksiyaya qoşulan bir neçə suriyalı ərəb də Türkiyəni dəstəkləyən şüarlarla tədbirdə çıxış edib.

Qarşı tərəfdən YPG-PKK bayrağını qaldıran bir neçə şəxs təxribat etməyə çalışıb, lakin Vaşinqton polisinin müdaxiləsi sayəsində onların planları gerçəkləşməyib.

Tədbirdə türklər tərəfdən 200-ə yaxın adam, həmçinin bir neçə Azərbaycan icması nümayəndəsi iştirak edib.