Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri iyunun 24-nə keçən gecə Ukraynaya məxsus 323 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə vasitələri gecə boyu növbətçi rejimdə fəaliyyət göstərərək hücumların qarşısını alıb.
Məlumata görə, PUA-lar Moskva bölgəsi ilə yanaşı, Həştərxan, Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kaluqa, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Orenburq, Penza, Rostov, Ryazan, Saratov, Smolensk və Tula vilayətləri, həmçinin Krasnodar diyarı və Qara dənizlə Azov dənizinin akvatoriyası üzərində vurulub.
Rusiya Müdafiə Nazirliyi bütün hədəflərin vaxtında aşkar edilərək standart HHM vasitələri ilə zərərsizləşdirildiyini açıqlayıb.
Rəsmi məlumatda yerə düşən qalıqlar nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
Rusiya tərəfi bunu son dövrlərin ən kütləvi gecə hücumlarından biri kimi qiymətləndirib.




