Dünya ölkələrinin hökumətləri tərəfindən operativ tədbirlər görülməyəcəyi təqdirdə Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması altı ay ərzində qlobal ərzaq böhranına səbəb ola bilər.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.
FAO-dan qeyd ediblər ki, hazırda fermerlər və hökumətlər tərəfindən gübrə istifadəsi, idxal, maliyyələşdirmə və kənd təsərrüfatı bitkilərinin seçimi ilə bağlı qəbul edilən qərarlar bu ilin sonunda və ya 2027-ci ilin əvvəlində ərzaq qiymətlərinin nə qədər kəskin artacağını müəyyənləşdirəcək.
Aprel ayında ərzaq məhsullarının qiymət indeksi son üç ay ərzində növbəti dəfə yüksəlib ki, buna da enerji daşıyıcılarının yüksək qiymətləri və Yaxın Şərqdəki münaqişə ilə bağlı Hörmüz boğazında gəmilərin keçidində yaranan problemlər səbəb olub.
FAO bəyan edir ki, fəsadlar mərhələli şəkildə özünü göstərəcək: əvvəlcə enerji daşıyıcılarının, daha sonra gübrə və toxumların qiymətləri kəskin artacaq, bundan sonra isə aqrar ölkələr məhsuldarlığın aşağı düşməsi ilə üzləşəcəklər. Nəticədə dünya son istehlakçılara təsir edəcək ərzaq inflyasiyası ilə üz-üzə qalmaq riski daşıyır.




