Bakı-Xankəndi veloyürüşünün birinci mərhələsi başa çatıb

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına start verilib.

Yarışın ilk mərhələsi Bakıdakı “Sea Breeze” ərazisindən başlayaraq Sumqayıt şəhərində yekunlaşıb.

İştirakçılar ümumilikdə 158 kilometrdən artıq məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının yüksək statuslu 2.1 kateqoriyası üzrə təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar komandalar iştirak edib. Yarış boyunca idmançılar həm sürət, həm də dözümlülük baxımından yüksək performans nümayiş etdiriblər.

Finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Ümumilikdə beş mərhələdən ibarət olan beynəlxalq turnir Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edəcək.

Yarışın əsas məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Yarışın ümumi mükafat fondu 50 min avrodan artıq təşkil edib.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Bu gün Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı start götürür.

Turnir beş mərhələdən ibarət olacaq.

İlk mərhələ “Sea Breeze”dən start götürəcək və Sumqayıtda başa çatacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158.7 kilometr);

11 may

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193.2 kilometr);

12 may

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163.3 kilometr);

13 may

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152.7 kilometr);

14 may

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181.3 kilometr).