Bakının Nizami rayonunda fəaliyyət göstərən tikinti şirkəti ilə bağlı ciddi qalmaqal yaranıb. “Vesta Construction” MTK-ya məxsus binada eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.
Şirin Mirzəyev küçəsi, 38 ünvanında yerləşən binanın sakinləri illərdir mənzillərini təhvil ala bilmirlər. Şikayətçilər bildirirlər ki, ödənişi tam etsələr də, MTK öhdəliklərini yerinə yetirmir.
Sakinlərin iddiasına görə, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə sözügedən ərazidəki ikimərtəbəli köhnə bina “pilot layihə” çərçivəsində sökülüb. “Vesta Construction” MMC tərəfindən yeni çoxmərtəbəli binanın tikintisinə başlansa da, işlər hələ də yekunlaşmayıb və mənzillər sahiblərinə təhvil verilməyib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, şirkət rəhbərliyinə öhdəliklərin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Artıq faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb və hazırda istintaq davam edir. İcra hakimiyyəti məsələnin həllinin nəzarətdə saxlanıldığını qeyd edib.




