9 May Qələbə gününüz mübarək olsun

9 May – Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.

Bu qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük payı olmuşdur. Minlərlə azərbaycanlı cəbhəyə yollanmış, qəhrəmanlıq göstərmiş, şəhid olmuş, qazi kimi geri dönmüşdür. Mənim babalarım da həmin müharibənin iştirakçıları olmuşlar. Onlardan biri doğma yurda geri dönməyib, digəri isə ağır yaralı halda, ayağının bir hissəsini itirərək Vətənə qayıdıb. Mən bu gün onların övladı olmaqdan qürur duyuram.

Lakin o illərin qəhrəmanları yalnız cəbhədə döyüşən kişilər deyildi. Arxa cəbhədə çalışan qadınlarımız da böyük fədakarlıqlar göstərmişlər. Mənim böyük nənəm həmin illərdə Qəbələnin Vəndam kəndində komsomol sədri olmuşdur. Müharibə dövründə kəndin qadınlarını və uşaqlarını bir araya gətirərək, əllərində sadəcə külüng, lapatka və vedrələrlə taxıl sahələrini suvarmaq üçün su anbarı yaratmışlar. Texnika yox idi, araba belə tapılmırdı. Onlar torpağı vedrə ilə daşıyır, gecə-gündüz çalışaraq 11 metr dərinliyində su anbarı qazırdılar.

Daha sonra dağın ətəyindən axan sudan həmin anbara su çəkilmiş, o su ilə taxıl sahələri suvarılmış və cəbhəyə ərzaq göndərilmişdir. Bu, Azərbaycan qadınının gücü, iradəsi və Vətən sevgisinin canlı nümunəsi idi.

Bu gün həmin ərazi böyük bir gölə, insanların istirahət etdiyi bir məkana çevrilib. Bəziləri oradan sadəcə ticarət və qazanc yeri kimi istifadə edir. Amma unutmayaq ki, o gölün altında alın təri, zəhmət, fədakarlıq və bir nəslin Vətən sevgisi yatır. O gölü yaradan adsız qəhrəman qadınlar olmuşdur.

Keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz. Dahi şair Nizami Gəncəvi demişdir: “Keçmişini bilməyən gələcəyini qura bilməz.”

Bu gün bir daha bütün qazilərimizi, şəhidlərimizi və zəhmətkeş Azərbaycan qadınlarını hörmət və ehtiramla yad edirəm. Mən belə qəhrəman babaların, nənələrin övladı olmaqdan sonsuz qürur duyuram.

9 May – Qələbə Günümüz mübarək olsun.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri