Çoxuşaqlı ailələrə pul, iş və maşın VERİLƏCƏK – Bu qonşu ölkədə

Türkiyənin Ordu şəhərinin Kumru rayonunda əhali sayının azalmasının qarşısını almaq üçün qeyri-adi üsula əl atılıb. Rayon bələdiyyəsi çoxuşaqlı ailələri stimullaşdırmaq məqsədilə xüsusi mükafatlar təyin edib.

Kumru bələdiyyə sədri Yusuf Yalçuva əhalinin sayının 33 mindən 28 minə düşməsi səbəbindən bu addımı atdıqlarını bildirib. Yeni qaydalara əsasən, ailədə doğulan üçüncü uşağa görə 50 min, dördüncü uşağa 100 min, beşinciyə 150 min, altıncı uşağa isə 200 min lirə birdəfəlik yardım veriləcək.
Bələdiyyə sədri vədlərini daha da artıraraq ailələrə iş və avtomobil təklif edib. O, bu barədə belə deyib:
“Səkkiz uşağı olan şəxsi bələdiyyədə işlə təmin edəcəyik. Kimin on uşağı olsa, ona yeni avtomobil hədiyyə verəcəyik. Bu qərarlar ailəyə dəstək proqramı çərçivəsində reallaşacaq. Hər şey qanunauyğun şəkildə həyata keçirilir və layihəmizi artıq elan etmişik”.

Qısası, Kumru rayonunda əhalinin sayını artırmaq üçün çox uşağı olan ailələrə pulla yanaşı, iş və maşın da veriləcək.