Baş Nazir seçilən Əli Əsədov ona göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub.
Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1995-2000-ci illərdə Birinci çağırış Milli Məclisinin deputatı olub.