Qəbələ rayonunun Hacallı kəndində yaşayan Axund Məhman Şəfiyev illərdir ki, şəhid ailələrinin yanında olan, onların dərdinə şərik çıxan mənəviyyat adamlarından biridir. Beş ildən artıqdır ki, o, şəhidlərimizin dəfn mərasimlərində iştirak edir, müqəddəs Qurani-Kərimi oxuyaraq son mənzilə yola salınan qəhrəmanlarımızın ruhuna dualar edir və ailələrinə təsəlli verir. Şəhid ataları və anaları onu böyük hörmətlə “Məhman əfəndi” deyə çağırır, çünki o, hər zaman onların göz yaşını silən bir insan kimi tanınır.
Axund Məhman Şəfiyev yalnız kədərli günlərdə deyil, həm də xeyirli və mənəvi günlərdə şəhid ailələrinin yanındadır. Hər il Ramazan ayında xeyirxah insanların dəstəyi ilə Hacallı kəndində şəhid ailələri üçün iftar süfrələri təşkil olunur. Bu süfrələr yalnız bir yemək məclisi deyil, həm də şəhidlərimizin əziz xatirəsinin yad edildiyi, ailələrin bir-birinə mənəvi dayaq olduğu müqəddəs bir görüşə çevrilir.
Eyni zamanda keçirilən tədbirlərdə aparıcı kimi çıxış edən Məhman axund şəhidlərin igidliyindən, onların Vətən yolunda göstərdiyi qəhrəmanlıqdan danışaraq həm qürur, həm də kövrəklik yaradır. Onun səmimi sözləri bəzən valideynlərin gözünü yaşartsa da, eyni zamanda həmin göz yaşlarını silən təsəlli olur.
Bu gün Hacallı kəndində Axund Məhman Şəfiyev yalnız bir din xadimi kimi deyil, həm də şəhid ailələrinin mənəvi dayağı, onların dərdini öz dərdi bilən bir insan kimi böyük hörmət və ehtiram qazanıb. Onun gördüyü bu xeyirxah və savab işlər cəmiyyətimiz üçün nümunədir və şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiramlardan biridir.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri






