Aqşinin nuru

Bəzən elə insanlar doğulur ki, onların taleyi sanki əvvəlcədən Vətən üçün yazılır. Qəbələ rayonunun igid oğlu, şəhid baş leytenant, hərbi həkim Aqşin Ənvərli məhz belə nur üzlü qəhrəmanlardan idi. O, yalnız peşəsi ilə deyil, ürəyi, mərhəməti və fədakarlığı ilə yadda qalan bir ömür yaşadı — qısa, lakin şərəfli bir ömür…

Aqşin Ənvərli Qəbələnin 44 günlük Vətən müharibəsində şəhid olan 37 qəhrəmanından biri kimi adını tarixə qızıl hərflərlə yazdırdı. O, hərbi həkim idi. Adətən həkimlər döyüşün arxa xəttində xidmət göstərirlər. Amma Axşin ön cəbhəni seçdi. Çünki onun üçün “Vətən” sadəcə bir söz deyildi — o, bu sözün məsuliyyətini çiyinlərində daşıyırdı.

Döyüş meydanında yaralı halda belə başqasını düşünən nadir insanlardan idi. Yaralananda belə demişdi:

“Məndən zərər yoxdur, əvvəl yanımdakı döyüş yoldaşımı aparın…”


Bu cümlə bir insanın böyüklüyünü ölçməyə bəs edir. O, son nəfəsində belə həkim kimi yaşadı, əsgər kimi vuruşdu, qəhrəman kimi şəhid oldu.

Aqşin yalnız hərbçi və həkim deyildi — o, həm də incə ruhlu bir rəssam idi. Fırçası ilə kağıza köçürdüyü rənglər onun daxili aləminin saflığını göstərirdi. Onun sərgiləri olmuşdu, çəkdiyi rəsmlər onun həssas qəlbinin səssiz dili idi. Sanki o, həm yaraları sarıyan həkim, həm də ruhlara toxunan sənətkar idi.

Şəhid olmadan əvvəl taleyini hiss edən kimi nişanlısı üçün bir şəkil çəkdirmişdi. Dostuna tapşırmışdı:

“Əgər mənə bir şey olsa, bu şəkli nişanlıma çatdırarsan…”

Və elə də oldu…
Şəhidlik xəbəri gələndən sonra o şəkil əmanət kimi sahibinə çatdı.

Sevgisinin sədaqəti isə ayrıca bir dastandır. Aqşinin nişanlısı yağışlı, qarlı bir gündə onun məzarı üstünə gəldi. Saatlarla onunla danışdı, göz yaşlarını torpağa qarışdırdı. Gedərkən məzarından kiçik bir daş götürdü və onu boyunbağı edib sinəsinə taxdı.

Statusunda yazdığı sözlər isə hər kəsin qəlbini titrətdi:

“Sevgililər sevgilisinə tək daş hədiyyə edər…
Səndən mənə isə məzar daşı qaldı…”

Bu sevgi artıq torpaqla göy arasında yaşayan əbədi bir bağlılıq idi.

Aqşinin uşaqlıqdan yazdığı məktub isə onun necə saf niyyətli bir övlad olduğunu göstərir. O, Allaha belə yazmışdı ki, ömründən kəsib valideynlərinə, bacı-qardaşına versin. Sanki o uşaq qəlbi ilə belə öz payını Vətənə və ailəsinə bağışlamağa hazır idi.

Bəli…
Belə oğullar təsadüən yetişmir. Onlar ailənin duası, torpağın nəfəsi, Vətənin çağırışı ilə böyüyürlər.

Bu gün Aqşin Ənvərli fiziki olaraq aramızda olmasa da, onun adı Qəbələnin dağları kimi uca, xatirəsi isə ürəklər qədər canlıdır. O, həkim kimi həyat verdi, əsgər kimi döyüşdü, şəhid kimi ölümsüzləşdi.

Mən əminəm gələcək zaman da Aqşin  Ənvərli Azərbaycanin Milli Qəhrəman adına layiq görüləcək.
Bu ad Aqşin Ənvərli ailəsinə təsəlli olacaq.

Ruhu şad olsun, nur üzlü qəhrəman…
Sənin hekayən təkcə bir ömür deyil — bir məktəb, bir örnək, bir Vətən sevgisi dərsidir. 🇦🇿

Aqşinin nuru

Ağ xalatlı bir qəhrəman,
Ön cəbhədə döyündü can.
Yara sarıb, qan dayandırıb,
Vətən dedi — keçdi irəli.

Son sözündə yenə insan,
Dostunu seçdi özündən san.
Bir ömürlük nur qoyub getdi,
Aqşin oldu Zəfər dastan.

Torpaq səni bağrına aldı,
Adın göylə yanaşı qaldı.
Şəhidlik bir zirvə imiş —
Sən o zirvəyə ucaldın. 🇦🇿

Təranə Alməmmədova 

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri