ANA DİLİ – MİLLƏTİN DİLİ, VƏTƏNİN NƏFƏSİ


21 fevral – Beynəlxalq Ana Dili Günü dünyada dillərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ideyasına xidmət edən mühüm bir gündür. Bu tarix təkcə dil bayramı deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi varlığın təntənəsidir.
Azərbaycan Respublikasında ana dilimiz – Azərbaycan dili dövlət dili statusuna malikdir. Bu dil dövlətçiliyimizin, Konstitusiyamızın, milli birliyimizin əsas sütunudur. Azərbaycan dili bizi vahid xalq, vahid cəmiyyət, vahid dövlət kimi birləşdirən müqəddəs ünsiyyət vasitəsidir. Ulu Öndər Heydər Əliyevin “Ana dilimiz bizim milli sərvətimizdir” fikri bu gün də öz aktuallığını qoruyur və dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir.
Eyni zamanda, Azərbaycan çoxmillətli və çoxdilli bir ölkədir. Bu zənginlik bizim gücümüzdür. Bu torpaqda əsrlər boyu müxtəlif dillər yaşayıb, formalaşıb və Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Həmin dillərdən biri də talış dilidir.

TALIŞ DİLİ – QƏDİM TARİXİN CANLI ŞAHİDİ
Talış dili Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan qədim dillərdən biridir. Bu dil minilliklər boyu Azərbaycanın cənub bölgəsində – Lənkəran, Astara, Lerik, Masallı ərazilərində yaşayan talışların yaddaşını, dünyagörüşünü, adət-ənənələrini daşıyıb.
Son illərin elmi araşdırmaları göstərir ki, talış dili təkcə məişət dili deyil, zəngin leksik, fonetik və semantik qatlara malik bir dildir. Dilçilərin yeni tapıntılarına görə:
· Talış dilində qorunub saxlanılan bəzi sözlər qədim Midiya və Atropatena dövrünə gedib çıxır;
· Bir sıra talış sözləri müasir fars dilində artıq işlənmir, lakin talış dilində canlı şəkildə yaşayır;
· Talış dilində təbiət, torpaq, ailə münasibətləri və əmək prosesi ilə bağlı terminlər son dərəcə zəngindir.
Bu isə onu göstərir ki, talış dili tarixin canlı arxividir.

DİLLƏR RƏQİB DEYİL, DƏYƏRDIR
Ana dilimiz Azərbaycan dili dövlət dilidir və hər bir Azərbaycan vətəndaşını birləşdirən əsas ünsiyyət vasitəsidir. Talış dili isə bu dövlətin mədəni mozaikasında mühüm yer tutan ana dillərdən biridir. Burada heç bir ziddiyyət yoxdur. Əksinə, dövlət dilinə hörmət ana dilinə sevgidən başlayır.
Talış dilini qorumaq Azərbaycan dilinə qarşı çıxmaq deyil. Bu, Azərbaycan dövlətinin Konstitusiyasında təsbit olunmuş mədəni müxtəlifliyin qorunması prinsipinə xidmət edir. Dövlət dili hamımızı birləşdirir, ana dillər isə bizi köklərimizə bağlayır.

YENİ DÖVR – YENİ İMKANLAR
Bu gün talış dili ilə bağlı sevindirici məqamlar da var:
· Talış dilində folklor nümunələri, atalar sözləri, laylalar toplanır;
· Ayrı-ayrı tədqiqatçılar tərəfindən lüğətlər və elmi məqalələr hazırlanır;
· Sosial şəbəkələrdə talış dilində maarifləndirici səhifələr yaranır;
· Gənclər arasında ana dilinə maraq artmaqdadır.
Bu proseslər göstərir ki, dil yaşayırsa, xalq da yaşayır.

Ana dili – insanın ilk eşitdiyi səs, ilk anladığı söz, ilk yaddaşıdır. Azərbaycan dili bizim dövlət dilimiz, talış dili isə bu dövlətin qədim yaddaş qatlarından biridir. Onların hər ikisi eyni torpağın, eyni Vətənin dəyərləridir.
21 fevral – Beynəlxalq Ana Dili Günündə bir daha xatırladaq:
Dili qorumaq – insanı qorumaqdır.
Dili yaşatmaq – tarixi yaşatmaqdır.