“2023-cü ildə baş verən güclü zəlzələ nəticəsində ən çox zərər görən bölgələrdən biri Hatay olub. Fəlakət vilayətin yeddi rayonunda daha şiddətli hiss edilib, digər ərazilərə isə qismən ziyan dəyib. Zəlzələ ümumilikdə 1 milyon 700 min insana təsir göstərib”.
Bunu Hatay valisi Mustafa Masatlı “Əsrin inşası” adlı media proqramı çərçivəsində çıxışı zamanı bildirib.
Vali qeyd edib ki, fəlakət nəticəsində onminlərlə bina ciddi zərər görüb:
“Həmçinin sahil zolağında 80 santimetr çökmə baş verib və Atatürk bulvarı su altında qalıb”.
Onun sözlərinə görə, “əsrin fəlakəti” adlandırılan zəlzələ zamanı ölən və yaralananların ümumi sayının təxminən yarısı Hatayın payına düşür:

“Bədən üzvləri amputasiya edilmək məcburiyyətində qalan insanların 60 faizi də Hatay sakinləridir. Bütün bunları nəzərə alaraq yeni layihəyə start verdik. Xüsusilə valideynlərini itirən uşaqlar üçün onların bütün həyatını əhatə edən xüsusi proqram hazırladıq. Zəlzələ nəticəsində valideynlərini itirmiş 8 850 uşağı əhatə edən proqram Türkiyənin ən böyük sosial layihəsinə çevrilib”, – deyə M.Masatlı vurğulayıb.
Vali əlavə edib ki, zəlzələdən sonra həyata keçirilən yenidənqurma və bərpa işləri işsizlik səviyyəsinin azalmasına da müsbət təsir göstərib:
“Nəticədə işsizlik 50 faiz azalıb. Bu isə şəhərin tədricən əvvəlki günlərinə qayıtdığını göstərir”.




