Alimlər 60 yaşdan sonra daha uzun müddət sağlam qalmağınıza kömək edən beş vərdişi müəyyən ediblər.
Bu barədə “Medical Xpress” yazır.
Stenford Tibb Məktəbinin həkimləri əmindirlər ki, yaş keçdikcə demək olar ki, hər kəs dəyişiklikləri hiss edir: tarazlıq pozulur, güc azalır və yaddaş sıradan çıxır.
Mütəxəssislərin fikrincə, sağlam qocalmanın dörd əsas sütunu var: Güc, tarazlıq, qidalanma və idrak fəaliyyəti.
Həkimlər vurğulayırlar ki, güc məşqləri mütləq ağır çəkilər qaldırmaq demək deyil. Gəzinti, əyilib-qalxma, divara söykənmə və ya yüngül qantellərlə məşqlər – hamısı bədənin funksionallığını qorumağa kömək edir. Əsas məsələ rekord göstərici deyil, davamlılıqdır.
Tarazlıq eyni dərəcədə vacibdir. Yıxılmalar yaşlı insanlıarda zədələnmənin və sərbəstliyin itirilməsinin əsas səbəblərindən biri olaraq qalır. Sadə məşqlər – bir ayaq üstə dayanmaq, divara yaxın yerdə və ya otağın küncündə tarazlıq məşqləri etmək bu riski əhəmiyyətli dərəcədə azalda bilər. Həkimlər aşkar problemlər yaranmazdan çox əvvəl tarazlıq məşqlərinə başlamağı tövsiyə edirlər.
60-70 yaşlarında qidalanmanın əsas məqsədi əzələ, enerji və xəstəliklərə qarşı müqaviməti qorumaqdır. Yaşla bədən daha az ümumi kalori ilə daha çox zülala ehtiyac duyur. Mütəxəssislər gün ərzində zülalın bərabər paylanmasına və xam qidalara diqqət yetirməyi məsləhət görürlər. Həkimlərin fikrincə, ən yaxşı nəticələr Aralıq dənizi pəhrizi ilə əldə olunur: tərəvəzlər, meyvələr, balıq, zeytun yağı, qoz-fındıq və minimum emal olunmuş qidalar. Bu pəhriz təkcə ürək-damar xəstəlikləri riskinin aşağı olması ilə deyil, həm də idrak geriləməsinin yavaşlaması ilə əlaqələndirilir.
Beyin sağlamlığı, demək olar ki, bu yaşda hər kəsi narahat edən ayrı bir məsələdir. Genetika rol oynasa da, mütəxəssislər həyat tərzinin də az əhəmiyyət kəsb etmədiyini vurğulayırlar. Fiziki fəaliyyət, yuxu və qidalanma kimi, zehni və sosial cəhətdən aktiv qalmaq da vacibdir.
Oxumaq, yeni bacarıqlar öyrənmək, danışmaq, yazmaq, stolüstü oyunlar oynamaq, dil və ya musiqi öyrənmək – hamısı beyni stimullaşdırır. Lakin sosial əlaqələr daha da güclü qoruyucu amildir. Ünsiyyət diqqət, yaddaş, reflekslər və emosional reaksiya tələb edir və buna görə də beyni daim məşq etdirir.




