Süni intellektin təhsil prosesində tətbiqi artıq gələcəyin yox, günümüzün reallığıdır. Müxtəlif ölkələrdə həyata keçirilən təcrübələr sübut edir ki, süni intellekt təhsili daha çevik, fərdiləşdirilmiş və effektiv edir. Bu yanaşma həm müəllimlərin iş yükünü azaldır, həm də tələbələrin biliklərə çıxışını asanlaşdırır. Təhsilin gələcəyi məhz bu texnoloji inteqrasiya üzərində formalaşır.
Onlara “Tədris və imtahan prosesində süni intellektin imkanlarından istifadə edirsinizmi?” sualını ünvanladıq.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, nə tədris, nə də imtahan prosesində süni intellektdən istifadə olunur.
Azərbaycan Dillər Universiteti (ADU) də hazırda süni intellekt vasitələrindən istifadə etmir:
“Lakin gələcəkdə dil imtahanlarında danışıq və bəzi yazı bacarıqlarının yoxlanılmasında süni intellekt alətlərindən istifadə etməyi nəzərdə tuturuq”.
Bakı Slavyan Universiteti (BSU) isə tədris prosesində süni intellektdən istifadə edir:
“İmtahan prosesində isə sözügedən vasitədən istifadə olunmur”.
Xəzər Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, süni intellektdən istifadəyə dair universitetin əsasnaməsi hazırlanıb və ona uyğun işlər aparılır.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə süni intellektin tətbiqi istiqamətində böyük işlər planlayır:
“Lokal olaraq doktorantura imtahanlarının sınağını təşkil edəndə dinləmə və danışıq prosesini süni intellektlə yoxlamışıq. Qlobal olaraq isə “Learning Management System”ə süni intellekti inteqrasiya edəcəyik. Müəllimlər sillabusu ora daxil edəcək və buna uyğun olaraq tələbələrə ən yaxşı kitablar tövsiyə olunacaq”.
Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, süni intellektdən tədris prosesində istifadə olunsa da, imtahanlarda bu il üçün nəzərdə tutulmayıb.




