Sentyabrın 10-da Ali Məhkəmədə “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Azərbaycan saatı” proqramı, Turan TV və Meydan TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.
Hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Azərbaycan saatı” proqramı, Turan TV və Meydan TV-nin saytının bloklanması barədə qərar çıxarıb.
Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.