Azərbaycanda yaxın aylarda ət kəskin bahalaşacaq – Bu qiymətə olacaq

Son müşahidələrə əsasən ölkədə ətin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Ət kəsim məntəqələrində bir növ qıtlıq yaşanır. Eyni zamanda, qiymətlərdə də artım müşahidə olunur. Artıq mal əti 17, quzu əti isə 24 manata təklif edilir.

Maraqlıdır, mövcud qıtlığın və qiymət artımının səbəbi nədir?

Bu və digər suallarla müraciət etdiyimiz kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli açıqlamasında sözügedən problemin əsas səbəblərindən danışdı.

Onun sözlərinə görə, ölkədə ət qıtlığının yaşanmasının arxasında 4 əsas faktor dayanır:

“Azərbaycanda xüsusilə xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalıb. Bu da ölkədə ət məhsullarının, xüsusilə quzu və qoç ətinin bahalaşmasına səbəb olub. Hazırda bəzi yerlərdə quzu ətinin qiyməti 30 manata qədər yüksəlib.

Son 5 ildə xırdabuynuzlu heyvanların sayı təxminən 1,7 milyon baş azalıb ki, bu da 20 faizdən çox azalma deməkdir. Bunun əsas səbəbləri kimi aşağıdakı faktorları göstərmək olar:

Yem qıtlığı: Ölkədə heyvandarlıq üçün lazım olan yemlərin istehsalı kifayət qədər deyil. Otlaq sahələrində məhsuldarlıq aşağı düşüb. Əgər əvvəl xırdabuynuzlu heyvandan 15-16 kilo ət almaq olurdusa, artıq bu, mümkün deyil. Həmçinin, əvvəl bir heyvan qısa müddətdə yetişdirilirdisə, artıq yem qıtlığı səbəbindən daha uzun müddət lazım olur.

Təbii otlaq-örüş sahələrinin zəbt edilməsi: İmkanlı şəxslər, məmurlar örüş və biçənək sahələrini özəlləşdirərək villalar və istirahət zonaları tikirlər. Artıq heyvandarlıq sahəsi demək olar ki, onların əlindədir. Kəndlilər artıq məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verir, ya da satırlar. İşbazların məqsədi əllərində az sayda heyvan saxlayıb, daha yüksək qiymətə satıb, daha çox qazanc əldə etməkdir. Bu isə kənd təsərrüfatına zərbə vurur.

Doğum səviyyəsinin enməsi: Dişi heyvanların sayının azalması doğum səviyyəsinin də aşağı düşməsinə səbəb olub. Əvvəllər kəsim məntəqələrində, məsələn, gündə 2 heyvan kəsilirdisə, indi bu rəqəm yarıya enib. Say o qədər azalıb ki, 6-7 il əvvəlki qiymətlərə qayıtmaq üçün bir il ərzində xırdabuynuzlu heyvanların sayı 1 milyon 700 minə çatdırılmalıdır. Bunun üçün də ilk olaraq sadaladığım digər problemlər həll olunmalıdır.

Diri heyvan idxalı: Son 7 ayda ölkəyə gətirilən diri heyvanların sayı 2 dəfədən çox artıb. Lakin bu, daxili tələbatı tam təmin edə bilmir. Bu heyvanları gətirənlər onu daxili istehsal kimi təqdim edərək, baha qiymətə təklif edirlər. Lakin xaricdən gətirilən heyvanlar yerli heyvanların qiyməti ilə müqayisədə iki dəfə ucuzdur. İdxal olunan heyvanlar ucuz olsa da, bazarda inhisar şəraiti onların da baha qiymətə satılmasına səbəb olur”.

Ekspert hesab edir ki, bu problemlərin qarşısı alınmasa önümüzdəki aylarda qiymətlərdə daha çox artım müşahidə olunacaq:

“Əslində, təklif azaldıqca qiymətlərin artması səbəbindən artıq əhali arasında tələbat da azalıb. Son günlər ət kəsim və ya satış məntəqələrində alıcıların da azaldığını görürük. Proqnozlaşdırıram ki, bu ilin qışında mal ətinin qiyməti 20, quzu və qoç ətinin qiyməti isə 30 manatdan yuxarı ola bilər. Biz dəfələrlə bu barədə hökumətə məktublar göndərmişik. Bildirmişik ki, bizi qarşıda çox çətin günlər gözləyir, ət, süd istehsalı daha da azalacaq. Artıq bu gün bunun şahidi oluruq.

Uzunmüddətli həll yolu kimi, heyvan sayının artırılması, örüş sahələrinin kənd təsərrüfatı üçün açılması və yem təminatının yaxşılaşdırılmasını təklif edirəm. Hazırkı şəraitdə isə bahalaşma tendensiyası davam edəcək”.