Rusiyadan dəvət olunmuş təlimçi–ekspertlər Bakıda əlilliyi olan şəxslərin müstəqil hərəkətlərinin təmin olunması üçün müyəssərlik üzrə ekspertlərin hazırlanmasına dair ikinci təlim aparıblar. Təlimləri Əlil Təşkilatları İttifaqı Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə – həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində keçirir.
Əlil Təşkilatları İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, təlimin praktik məşğələ hissəsi Sabir adına Dövlət Pedaqoji Kollecində icra olunub. Təlim iştirakçıları kollecin müyəssərliyinin təmin olunması üçün monitorinq aparıb və bunun əsasında təkliflər hazırlayıblar.
Bu sahədə birinci təlim iyunun 3-dən 6-dək Lənkəran şəhərində keçirilib. Həmin təlimlərdən sonra hazırlanmış ekspertlər şəhərin fiziki infrastrukturu üzrə monitorinqlər keçirəcəklər. Bundan başqa 3 obyektdə müyəssərlik işləri görüləcək və Lənkəran şəhəri üçün müyəssərlik modeli hazırlanacaq.
Ekspertlər gələcəkdə respublikanın digər regionlarında da müyəssərliyin təmin olunması üçün müvafiq fəaliyyətlər həyata keçirəcəklər.