Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT

0
682

Azərbaycanda uzun illərdir fəaliyyət göstərən və  Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri – Çingiz QənizadəNovella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı mətbuat vasitəsi ilə sentyabrın 20-də keçirəcəkləri “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masaya Azərbaycanın kütləvi informasiya vasitələrinin (saytlar) rəhbərlərini, jurnalistləri, hüquq müdafiəçilərini, QHT nümayəndələri və Azərbaycan ziyalılarını dəvət ediblər.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Dəyərli dostlar,

Sizi, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə sentyabrın 20-də keçiriləcək “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada iştirak üçün Azərbaycanın kütləvi informasiya vasitələrinin (saytlar) rəhbərlərini, jurnalistləri, hüquq müdafiəçilərini, QHT nümayəndələri və Azərbaycan ziyalılarını bu tədbirə dəvət edirik.

Tədbirin keçirilməsində əsas məqsədimiz son dövrlərdə sosial şəbəkələrdə, xüsusi ilə “Youtube” saytında heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Xüsusi ilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri dilə gətirilməsi belə mümkün olmayan söyüş ifadələri işlədirlər.

Milli-mənəvi və əxlaq dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və belə hesab edirik ki, bu yolverilməzdir. Bu cür qarşılıqlı söyüş və təhqirlər gənclərimizin, xüsusi olaraq məktəbli uşaqların psixologiyasına mənfi təsir göstərir.

Gəlin birləşək və bu cür hallara YOX deyək!!!

Tədbir 20 sentyabr, 2019-cu il tarixdə saat 11:00-dan 13:00-dək Bakı şəhəri, Ağ şəhər, Boulevard Hotel Baku (Bulvar otel), Tağıyev Zalında (1) keçiriləcək”.