AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çox olub

0
470

AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çox olub

“Azərbaycan Milli Elmlər Akademiyasına tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Bilik günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu ildən ilk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına start verib: “AMEA-nın magistraturasına bu il 22 ixtisas və 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul oldu. Bu da plan yerlərinin 90.2%-nin dolması deməkdir. Hansı ki, bir çox universitetlər bakalavr pilləsinin olmasına baxmayaraq, bu göstəriciyə malik deyillər”.
AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə yönəldiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.
Akif Əlizadə akademiyada elm və təhsilin inteqrasiyasına çox ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.

AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyətinin təhsillərini doktorantura və dissertantura pilləsində davam etdirməyə nail olduqlarını söyləyən akademik 74 məzundan 48-nin öz yüksək təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirdiyini, 5 nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olduqlarını, bu ilin məzunlarından 1 nəfərin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasasına tam təqaüdlə qəbul edildiyini bildirib.