Lazer epilyasiyası təhlükəlidirmi? – istifadə edənlər və həkim AÇIQLAYIR

0
878
Arzu olunmaz tüklərdən hər kəs xilas olmağa çalışır və bunun üçün bir çox vasitələr var. Hazırda əhalinin əksər hissəsi lazer epilyasiyasına daha çox üstünlük verirlər.
5 aydır sözügedən xidmətdən istifadə edən Aysel xanım bildirib ki, ilk vaxtlar prosesdən qorxsa da, artıq buna alışıb:
“İlk iki ayda proses zamanı ağrım çox olurdu. Ancaq sonradan tüklərin azaldığını görüb, davam etməyə qərar verdim. Dəyişiklik isə həddindən çoxdur, əvvəllər bir günə çıxan tüklər, indi həftələrlə çox cüzi bilinirlər. Lazerdən sonra özümü daha gözəl, baxımlı hiss edirəm. Məncə, bu alət bir növ qadınların xilasedicisidir”.
Cəmi bir dəfə üzü üçün lazerə gedən Cəmilə xanım isə deyir ki, prosesdən sonra üzündə qızartılar əmələ gəlib:
“Qızartılar üzümdən getmək bilmirdi, həm də qaşınır, məni incidirdi. Sonra həkimə getdim və öyrəndim ki, sən demə, mənim üz dərimə lazer olmaz. Ona görə də ömrüm boyu daha bu xidmətdən istifadə etməmək qərarını aldım”.
Bir vaxtlar tez-tez epilyasiyaya gedən Günay xanım deyir ki, ümumilikdə razı olsa da, bəzən xoşagəlməz hallar da yaşayıb:
“Bir dəfə lazerdən gəldikdən sonra qaşımın bir hissəsindəki tüklərin də götürüldüyünü gördüm. İlk görəndə çox pis oldum, günlərlə ağladım. Sonra qaşımın yerinə tüklər gəldi. Bundan sonra daha ehtiyatlı oluram. İndi isə gedə bilmirəm, çünki hamiləyəm. Bir çox mütəxəssislər hamilə vaxtı lazerin edilməsinə qadağa qoyur, bəziləri isə problem olmayacağını bildirir. Ancaq yanına getdiyim şəxsə inandığım üçün bir müddət bu prosesə son qoymuşam”.
Qeyd edək ki, lazerdən daha çox istifadə edənlər arasında qadınlar üstünlük təşkil etsə də, onların arasında kişilər də var.
2 aydır ki, lazer epilyasiyasından istifadə edən Məhəmməd bəy deyir ki, “bakinport” və boyun hissəsi üçün ayda bir dəfə mütəxəssisə müraciət edir:
“Bu məni daha rahat edir və tüklər seyrəlir. Onun üçün də düşünürəm ki, hər ay getməyə davam edəcəm”.
Elvin bəy isə qaşının arasındakı tüklər üçün lazerdən istifadə etdiyini bildirir:
“Əvvəllər ülgücdən istifadə edirdim, sonra gördüm ki, tüklər əksinə qalınlaşıb və çoxalıb. İndi isə getdikcə azalır”.
Lent.az olaraq mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün dermatoloq Leyla Mirzoyeva ilə əlaqə saxladıq. O bildirdi ki, lazer epilyasiyası dəri növünə uyğun seçilməlidir:
“Bu prosesdə istifadə olunan lazer dalğaları müxtəlifdir. Məsələn, çox vaxt aleksandrit dalğadan istifadə olunur. Bu dalğanın ziyanı daha çoxdur. Aleksandrit dalğanı göz ətrafına tətbiq edərkən eynəkdən istifadə olunmasa, korluğa qədər gətirib çıxara bilər. Hətta sözügedən proses təkcə epilyasiya olan insana yox, epilyasiya edən həkimin və ya kosmetoloqun özünə də ziyan ola bilər. Çünki həmin otaqda güzgü varsa, təsadüfən lazer energetikasının güzgüyə dəyməsi nəticəsində həkimin gözünə də təsir edə bilər. Bu baxımdan eynəkdən istifadə etmək vacibdir və lazer olan otaqda güzgü, şüşə olması məsləhət deyil”.
Həkimin sözlərinə görə, təhlükə dalğalarına, yəni lazerin növünə görə seçilir:
“Məsələn, tünd tük əgər ağ dəridədirsə, aleksandrit lazer o pasiyent üçün idealdır. Bu lazer növü tükü yandıracaq və dəriyə zərər verməyəcək. Amma tük tünd olsa da, əsmər dəriyə aleksandrit şüa vermək düzgün deyil. Çünki aleksandrit lazer tük ilə bərabər dərini də yandırıb ləkə sala bilər. Bu tip dərilərə endiyak və ya diyot (diod) istifadə etmək lazımdır ki, dəridə problem yaratmasın.
L.Mirzoyeva qeyd edib ki, lazer epilyasiyasının hansısa ciddi xəstəlik yaratması ilə bağlı yayılan xəbərlər doğru deyil:
“Lazerdən toksik, xərçəng və digər xəstəliklər baş verə bilməz. Lazer energetikası bəlli bir yerə qədər daxil olur. Amma müxtəlif dəri xəstəliklərindən əziyyət çəkən insanlar var. Onlar həkimin nəzarəti ilə lazerə gedə bilərlər. Dəmrov kimi xəstəliklərdə lazer travma versə, onun fəsadı təhlükəlidir və ciddi xəstəliklərin yaranmasına yol aça bilər
Hamilə xanımlar üçün də lazer epilyasiyası qətiyyən olmaz. Bu onların uşaqları üçün bir çox fəsadlar yarada bilər. Həm də hamilə olduğu dövrdə qadınların dəriləri çox həssas olur, bu səbəbdən də bu müddət bitənə, hətta əgər ana süd verəcəksə, süd verməyi kəsdikdən bir neçə ay sonra lazerə yenidən gedə bilər”.
Leyla xanım onu da vurğulayıb ki, lazer epilyasiyasından sonra bir qrup insanda sızanaqlar əmələ gələ bilər:
“Dərisi yağlı olan insanlar da lazer epilyasiyasından sonra tük çıxan yerdə yağ vəzi əmələ gəlir. Həmin insanların epilyasiyasından sonra yağlı krem vurmaları düzgün deyil. Yağlı krem vurduqda bakteriyalar yaranır və sızanaqlar əmələ gəlir. Buna görə də epilyasiyadan sonra antiseptik vasitələrdən istifadə olunması daha düzgündür”.
Həkim son olaraq lazer epilyasiyası üçün oxuculara məsləhətlər də verdi:
“Lazerə gedən insan mütləq mütəxəssisə müraciət etməli və ya həkim nəzarəti altında olmalıdır. Çünki yanlış seçilmiş dalğa, doza və ya aparat dəriyə problem yarada bilər. Yüksək dozada dəriyə şüa vurulsa, o dərini yandırar, az dozada isə tükün dibini qızdırıb daha da artıra bilər. Bundan əlavə proses bitdikdən sonra günəşdən qorunmaq üçün kremin çəkilib və ya çəkilməyəcəyinin məsləhətini də mütəxəssis verməlidir”.