Həkimdən xəbərdarlıq: Ürək xəstəliyi və piylənmə arasında əlaqə var

0
12

Bostondan olan alimlərin məlumatına görə, əzələlərin daxilində piyin yığılması ürək-damar xəstəliklərinin inkişafı riski ilə bağlıdır.

Bu məsələ ətrafında danışan tibb elmləri doktoru Vladimir Samoylov piy çoxluğunun insan sağlamlığına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.

Onun sözlərinə görə, orqanizmdə bir neçə əsas piy növü var və onların hər biri müəyyən funksiyanı yerinə yetirir, lakin piyin çoxluğu səhhətə mənfi təsir edə bilər.

V.Samoylov bildirib ki, ağ piy orqanizmin əsas enerji ehtiyatıdır:

“O, qarın nahiyəsində, omba və əllərdə olur. Bu piyin kiçik həcmdə olması zəruridir, lakin çoxluğu şəkər xəstəliyinə, ürək-damar, böyrək və qaraciyər xəstəliklərinə, hamilələyin ağırlaşmasına gətirib çıxara bilər. Sağlamlıq üçün normal piy səviyyəsini saxlamaq vacibdir: kişilər üçün – 14-24%, qadınlar üçün – 21-31%”.

O əlavə edib ki, vistseral piy qaraciyər, bağırsaq və ürək kimi daxili orqanların ətrafında toplanır:

“Həddindən artıq vistseral piy ciddi sağlamlıq riski təşkil edir, çünki o, iltihablı molekulları və hormonları aktiv şəkildə buraxır, diabet, hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır”.

Həkim vurğulayıb ki, başqa bir piy növü əzələdaxilidir:

“Bu, nəinki əzələlərin funksional qabiliyyətlərini azaldır, həm də mikrodamarlara və ürəyə təsir göstərərək iltihabı təhrik edə bilər: Əzələdaxili piy əzələ lifləri arasında yığılır. Bu, infarkt, ürək çatışmazlığı və hətta ölüm riskinin artması ilə bağlıdır”.