İcbari tibbi sığortanın mərhələ-mərhələ tətbiq olunması daha məqsədəuyğun idi…

0
22

Artıq bir neçə ildir ki, ölkədə tibbi xidmətlər hər kəs üçün əlçatandır. 6 il bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir. 

Ölkə vətəndaşları  icbari tibbi söğorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərindən ödənişsiz istifadə edə bilirlər. “İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfi genişdir. Lakin icbari sığorta ilə əhatə olunmayan xəstəliklər var və gələcəkdə bunlar da o zərfə daxil edilməlidir”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimində deyib. Deputat İcbari Sığorta Zərfinin gələcəkdə bütün xəstəlik və patologiyaları əhatə etməsinə ümid etdiyini qeyd edib. 

Yada salaq ki, Əhliman Əmiraslanov ötən il də Milli Məclis kürsüsündən bu məsələlərə toxunmuşdu. O, vurğulayıb ki, əhali arasında tələfat verən bir çox xəstəliklər var ki, onlar xidmətlər zərfinə hələ daxil edilməyib. Bu xəstəliklərdən biri də onkoloji xəstəliklərdir. Bu xəstəliyin müayinə və müalicəsi ilə bağlı dövlət proqramı var. Lakin onların advekat müayinə və müalicəsi üçün bu gün imkanımız yoxdur. Hökmən onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Ümumuyyətlə, ölkəmizdə bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”. 

Son dövrlər onkoloji xəstələrin də bununla bağlı müraciətləri çoxalıb. Bu xəstəliyin daşıyıcısı olan bir neçə paytaxt sakini bizə müraciət edərək bildirir ki, müalicə və müayinələr baha başa gəlir deyə müalicəni yarımçıq saxlamalı olurlar. “Biz də anlayırıq, hər şey bahalaşıb, qiymətlər artdıqca xidmətlərin də qiyməti artır. Vəziyyət əvvəlki kimi deyil. Amma yaxşı olardı ki, bu da icbari tibbi sığortaya şamilğ edilsin. Baxın, həkim 6 kimya terapiya, 25 şüa təyin edib, kasıb adamam, bunu necə ödəyim?!” – deyə Aybəniz Əliyeva bizimlə söhbətdə bildirib. Eyni zamanda son dövrlər insanlarda, xüsusən cavanlıqda qəfil ölümlərin sayı çoxalmaqdadır. Həkimlər bildirirlər ki, “check-up” müayinələri də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmalıdır. Çünki bu müayinələr baha olduğundan insanlar yoxlamadan keçmirlər. “Qəfil ölümlərin qarşısının alınması üçün insanların vaxtaşırı müayinə olunmaları vacibdir” – deyə bir çox həkimlər qeyd edirlər. 

Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, Xidmətlər Zərfinə ilk növbədə doğuş və təxirəsalınmaz yardımlar daxil edilməlidir. Yəni, kəskin cərrahi xəstəliklər, travmalar, qanaxmalar, ürəyin kəskin işemik xəstəlikləri, beyinə qansızma və sair təcili müdaxilə tələb edən xəstəliklər buraya mütləq əlavə olunmalıdır. Hansı xəstəliklər bə müayinələr hələ də zərfə daxil deyil, hansısa dəyişikliklər mümkündürmü?

Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva mediaya açıqlamasında bildirib ki, İcbari Tibbi Sığortaya yeni xidmətlər əlavə olunacaq: “Bu xidmətlərin 2023-cü ilin zərfinə əlavə edilməsi nəzərdə tutulub. Xidmətlər zərfinin genişləndirilməsi vətəndaş müraciəti və statistik göstəricilər əsasında olur. Qeyd olunan xəstəliklərin müayinə və müalicəsi hazırda böyük xərc tələb edir. Xidmətlər zərfinə daxil olduqdan sonra isə ödənişsiz həyata keçiriləcək”. Şöbə müdiri əlavə edib ki, ən çox müraciət olunan xidmətlərdən biri də ekstrakorporal müalicədir. Gələcəkdə onun da icbari tibbi sığortaya əlavə olunacağı gözlənilir.

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla dedi ki, icbari tibbi sığorta sosial müdafiənin bir növü olaraq Qərb standartlarına uyğun səhiyyə sisteminin ayrılmaz bir formasıdır, bir tibb xidmətidir: “İcbari tibbi sığortanın əslində Azərbaycanda mərhələ-mərhələ tətbiq olunması daha məqsədəuyğun idi. Sadəcə olaraq, bütün xidmətlərin birdən-birə paketə daxil olması imkan xaricindədir. İlk növbədədə doğuş və təxirəsalınmaz yardım – burada qarın boğluğunun kəskin cərahiyyə xərcləri, kəskin ürək çatışmazlıqları, infarkt, insultlar hamısı salınmalıdır. Hansına ki, təcili təxirəsalınmaz yardım tələb olunur. Bunlar patalogiyalara aiddir. Planlı əməliyyatlar, müxtəlif diaqnostik proseduraların hamısı mərtəbəli şəkildə bura əlavə oluna bilərdi. Amma indi bu tətbiq olunub. Azərbaycanda ilk təcrübədir. Təbii ki, müəyyən yanlışlıqlar da ola bilər, səhvlər də ola bilər. Amma bütün bunlar aradan qaldırılmalıdır. Tibb xidmətlərinə, xidmət zərfinə diaqnostika, müalicə prosedurlarının daxil edilməsi büdcədən asılıdır. Icbari tibbi sığorta büdcəsinin həcminə görə bu müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, burada həkimlərin tibb işçilərinin gəlirləri nəzərə alınmalıdır. Bu sadəcə olaraq, həkimlərin fədakarlığı hesabına həyata keçirilə bilməz. Burada maraqlar təmin edilməlidir. Dünyanın hər yerində hansı nisbət-həkimin, ümumiyyətlə, bütün tibb personalının maaşı, müalicə profilaktika müəssisələrində amortizasiya xərcləri, digər texniki xərclər və yanaşı olaraq da sərfiyyat materialları, onların nisbəti nəzərə alınmaqla hesablanmalıdır. əvvəlcədən bunun iqtisadi tərəfləri həll edilməli, həmun iqtisadi imkanlar çərçivəsində daha vacib xidmət zərfləri önə çəkilməlidir. Prosses yavaş-yavaş öz həllini tapmalıdır”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb. Onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardanğ 53 %-ni kişi, 47 %-ni isə qadınlar təşkil edib. Onların 49 %-i 25-30 yaş aralığındadır. 
Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual soruşulub. 72 % sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib. Həmin şəxslərin 56 %-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib. 
Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən eyni zamanda qeyd olunub ki, bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması nəzərdə tutulub. 
Xatırladaq ki, ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil ediləcəyini açıqlamışdı. 
O, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramının olduğunu, həmçinin bu xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlərin həyata keçirildiyini vurğulamışdı. Hətta bunun 200 milyona yaxın vəsait tələb etdiyini də qeyd etmişdi. 
Qeyd edək ki, ölkəmiz artıq üç ildir ki, icbari tibbi sığortaya keçib. Mərhələli şəkildə xəstəliklər bu siyahıya daxil edilsə də, onkoloji xəstəliklərlə bağlı məsələyə baxılmır. Halbuki onkoloji xəstəliklərin bu paketəəlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq. 
Tibb ekspertləri hesab edir ki, əgər Azərbaycanda icbari tibbi sığorta tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır. 
İcbari tibbi sığorta zərfinə daxil ediləcək xəstəliklərin siyahısı da genişlənir. 
“İstisnalar yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər olmalıdır”.

Milli Məclisin ötən toplantısında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsinin vacibliyini bir daha vurğulayıb. Bu, millət vəkilinin neçənci çıxışı, müraciətidir ki, onkoloji xəstəliklər icbari tibbi sığortaya aid edilsin, lakin məsələ hələ də həllini  tapmayıb. Ə.Əmiraslanov tibb elmləri üzrə professor, akademikdir. Və şübhəsiz ki, onkoloji xəstəliklərin ağırlıq dərəcəsini, xəstəliyin müalicəsinin çətinliyini və böyük vəsaitlər tələb olunduğunu da bilir. Millət vəkili qeyd edir ki, İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. O, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid etdiyini deyib: “Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istis na olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vəsaitləri sığorta ilə qarşılanmalıdır”. Qeyd edək ki, bundan əvvəl də millət vəkili eyni problemə dəfələrlə toxunub və “bu gün onkoloji xəstəliklərin tam müalicəsi üçün yetmir” – söyləyib. 
Problemlə bağlı təcili tibbi yardım həkimi, terapevt Şahvələd Məmmədov qeyd edir ki, əlbəttə, bütün xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi arzulanır:
– İstisnalar, yalnız plastik əməliyyatlara şamil edilməlidir, burada da şərtlər olmalıdır. Əgər plastik əməliyyat sadəcə gözəllik, arıqlamaq xatirinədirsə, icbari tibbi sığortaya aid edilməməlidir. Amma ola bilər ki, kimsə qəza keçirsin, sahibsiz hücumuna məruz qalsın, müxtəlif bədbəxt hadisələr nəticəsində bədəninin hansısa əzası zədələnsin və plastik əməliyyata həkim təyinatı olsun, bəli, bu vəziyyətdə həmin əməliyyatların da icbari tibbi sığortayla əıhatələnməsi lazımdır. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi isə çox vacibdir. Onkoloji xəstələr illərdir bunu gözləyir. Onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edeilməsi böyük savab iş olar. Burada əsas məsələ təkcə onkoloji xəstələrin maliyyə yükünün azaldılması deyil,  eyni zamanda onlara mənəvi dəstəyin təmin edilməsidir. Xəstə biləndə ki, onun müalicəsi, dərmanları dövlət hesabına qarşılanacaq, bu ona əlavə güc, ruh yüksəkliyi verəcək. Onkoloji xəstəliklərlə mənəvi dayaq, müalicənin tən yarısıdır. Onkoloji xəstəliklərdə ölüm göstəriciləri böyükdür. Bu xəstəliklər böyük məsrəf tələb edir. Təsəvvür edin ki, onkoloji xəstəliyin müəyyənləşməsi birdən-birə ailə faciəsinə çevrilir. Xəstə bilmir sağalacaq, ya yox. Özü də əziyyət çəkir, ailə üzvləri də. Müayinələr, müalicə kursu, şüa terapeyası, kimya terapeyası, əməliyyatlar… bunlar hamısı böyük xərc, böyük vəsait hesabına başa gələn müaslicələrdir. Hər xəstənin buna maddi imkanı çatmır. Hepatit D xəstəliyi də həmçinin, böyük məsrəf tələb edən xəstəliklərdir. Məhz məsrəf nəzərə alınmaqla bu xəstəlik də icbari tibbi sığortaya daxil edilməlidir. Ümumilikdə, səhiyyə komitəsi sədrinin də dediyi kimi, bütün xəstəliklər icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Yəqin ki, zaman-zaman biz bunun şahidi olacağıq. Həllini gözləyən məsələ həm də icbari tibbi sığorta fondunun artırılmasıdır. Maliyyə artsa, çox iş görmək olar, icbari tibbi sığorta zərfinə daxil  ediləcək xəstəliklərin siyahısı da genişlənər. 
Bütün bunların həllini tapmağı vacib olsa da, əslində hər kəsin göstərdiyi bu xəstəliklərdən birdəfəlik can qurtarmaqdır. Elmi inqilabların baş verdiyi dünyamızda bu xəstəliklərin də təslim olacağına ümidimizi itirməyək.

Rafat Alıyev, 

Provizor