Ordumuzun 44 dəqiqəyə yazdığı tarix: Ermənilər elə ordu ilə qarşılaşdılar ki…

0
29

Ermənistanın Azərbaycana qarşı hər dəfə yeni ərazi iddiaları bölgədə münaqişə və müharibə situasiyasının aktiv fazada qalmasına səbəb olub.

Növbəti təxribatların nəticəsi kimi Qarabağda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə şiddətli döyüşlər başladı.

Onu da qeyd etmək lazımdır ki, Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan bəri təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.

44 günlük Vətən müharibəsində dosta qürur, düşmənə qorxu yaşadan və hərbi hədəfləri dəqiq şəkildə zərərsizləşdirən pilotsuz uçuş aparatlarının səsi ilk dəfə məhz həmin döyüşlərdə eşidildi. Elə həmin döyüşlərdə də ordumuzun artan imkanları bu və ya digər vasitələrlə nümayiş etdirildi.

Həmin 4 günlük toqquşmada qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək məqsədilə Silahlı Qüvvələrimiz cavab tədbirləri ilə tarix yazdı. Həmin vaxt düşmənə meydan oxuyan ordumuzun ruh yüksəkliyi də öz yerində idi.

Beləcə, ən yaxın tariximizə Aprel döyüşləri kimi düşmüş 4 günlük savaş Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Həmin vaxt ümumilikdə 2 min hektar ərazi işğaldan azad edilib. Lakin Ermənistan Aprel döyüşlərini düzgün təhlil etmədi. Bu ölkə sülh danışıqlarını uzatmaqda və bu danışıqların imitasiyası ilə məşğul olmaqda israrını davam etdirdi. Beynəlxalq təşkilatlardan da İrəvana təzyiqlər edilməməsi, münaqişənin daha da alovlanmasına yönəlmiş dəstəyin nümayişi kriminal-xunta rejiminin işğalçı siyasətinin davam etməsinə rəvac verdi. Düşmənin irrasional hərəkətləri 2020-ci il iyul ayından Tovuz rayonu əraziləri boyunca döyüşlərin başlamasına səbəb oldu. Lakin Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilmədi.

Tovuz döyüşləri zamanı Bakının küçə və prospektlərində, həmçinin şəhər və bölgələrimizdə Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirildi. Çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Bu vaxt çərçivəsində paralel olaraq Ermənistana hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter almışdı. Yaranmış vəziyyət irəlidə başlayacaq 44 günlük Vətən müharibəsinin siqnalı idi.

Bütövlükdə döyüşlərdə qazanılan qələbə İkinci Qarabağ müharibəsi üçün böyük stimul oldu.