Əliyev Paşinyandan bunu tələb edib – Qapalı görüşün detalları sızdırıldı

0
24

Ermənistan mediasında Prezident İlham Əliyev və Nikol Paşinyanın BRİKS-in Kazan sammiti çərçivəsində baş tutan qapalı görüşünün detallarına dair müəyyən iddialar tirajlanıb.

“Hraparak” nəşri Paşinyanın İrəvana qayıtdıqdan sonra görüşlə bağlı hakim partiyanın deputatlarına məlumat verdiyini yazır. Deputatlarla keçirilən görüşdəki mənbə təfərrüatları nəşrə sızdırıb.

Nəşr yazır ki, Paşinyan və Ararat Mirzoyan komanda üzvlərinə görüşün uğurlu olduğunu deyiblər: “Bildiriblər ki, Kazanda şifahi də olsa, uğurlu razılaşmalar əldə edilib. Paşinyan həvəslə deyib ki, görüşün ikitərəfli formatda baş tutması uğurlardan biridir. O, Əliyevlə bir sıra məsələlərlə bağlı mühüm müzakirələr apardığını deyib. Əlavə edib ki, ən vacib məsələlərdən biri kommunikasiyanın açılması, yük daşımalarının bərpasıdır. Paşinyan və Mirzoyan komanda üzvlərini əmin ediblər ki, buna nail olarlarsa, Ermənistan yaxın gələcəkdə iqtisadi çiçəklənmə yaşayacaq. Bildiriblər ki, Yeraxs (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu ilə yükdaşımalarının başlanmasına dair ilkin razılıq əldə olunub”.

Nəşr qeyd edir ki, Paşinyan Əliyevlə 1,5 saat davam edən qapalı görüşdə sülh müqaviləsinin də müzakirə edildiyini deyib.

“O gizlətməyib ki, bu məsələdə irəliləyiş yoxdur. Əliyev bütün müddəaların razılaşdırılmasından sonra müqaviləyə imza atacağını deyib. Mənbəmizin sözlərinə görə, hakim partiyada razılaşdırılmamış müddəalardan birinin tələb xarakteri daşıdığı haqda söz-söhbətlər var. Bu, Ermənistanın delimitarizasiyasından (silahsızlaşdırılması) ibarətdir. Bununla yanaşı, görüşdə delimitasiya ilə reqlament müzakirə edilib. Paşinyan şikayətlənib ki, reqlament Ermənistan parlamentində ratifikasiya edilsə də, Azərbaycanda eyni prosedurdan keçməyib. Əliyev soruşub ki, baş nazirin müavini tərəfindən imzalanması kifayət deyilmi? Paşinyan bildirib ki, Əliyevin özü tərəfindən imzalansa, daha yaxşı olardı”, – nəşr iddia edib.