Polis paytaxtda genişmiqyaslı profilaktik-maarifləndirmə tədbirləri keçirir

0
484
Bakı Şəhər Baş Polis İdarəsi və tabeli orqanları jurnalistlərin iştirakı ilə paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş genişmiqyaslı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunub.

E.Hacıyev qeyd edib ki, kütləvi tədbirdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılır: “Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür. Polislə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparır, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr verirlər.”

E.Hacıyev bildirib ki, paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.