Ərdoğandan Narin açıqlaması: “Ən ağır cəzanı alacaqlar”

0
80

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.

Bu barədə Ərdoğan özünün “X” hesabında paylaşım edib.

“Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur”, – o yazıb.

Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:

“19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik”.

Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:

“Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm”.