“Həyatın ayrılmaz hissəsi olanı qadağan etmək olmaz”, – Aleksandr Molotkov məktəblərdə mobil telefonların qadağan edilməsi barədə
Moskva məktəblilərinə təhsil müddətində cib telefonlarından istifadə etmək qadağan edilməyəcək. Bunu jurnalistlərə açıqlamasında Moskva şəhər Təhsil və Elm İdarəsi rəhbərinin müavini Aleksandr Molotkov söyləyib.
Məlumata görə, bundan əvvəl Rusiya Təhsil Nazirliyi regional hakimiyyət orqanlarına məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılmasını nəzərdən keçirməyi tövsiyə edib. Tövsiyələr beynəlxalq təcrübənin təhlili və Təhsil Nazirliyi, “Rosobrnadzor” və “Rospotrebnadzor” tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Zəruri və mümkün olduğu hallarda məktəblərə şagirdlərin cib telefonlarını saxlama yerləri ilə təmin etmək tövsiyə olunur. Hətta Molotkov bildirib ki, ən başlıcası, qadcetlərdən təhsil prosesində düzgün istifadədir. O bildirib ki, həyatın ayrılmaz hissəsi olanı qadağan etmək olmaz. Uşaqlara onlardan faydalanmaları üçün düzgün istifadə etməyi öyrətməliyik.
Elə bu məsələdə valideynlər arasında da fikir ayrılığı var. Onların bir qismi öz övladına mobil telefon verərək məktəbə göndərsə də, bəziləri həmin şagirdin digər sinif yoldaşlarının da diqqətini yayındırdığından narazılıq edirlər. Odur ki, Azərbaycanda məktəblərin, demək olar ki, mütləq əksəriyyətində şagirdin sinfə mobil telefonla daxil olmasına qadağa var.
Bəs, görəsən, Azərbaycanda da bununla bağlı hansısa yenilik tətbiq oluna bilərmi?
Əməkdar müəllim Asif Cahangirov açıqlamasında bildirib ki, dərsi pozmadığı halda şagirdlərin məktəbə mobil telefonla gəlməsində qəbahət görmür:
“Mən ümumiyyətlə qadağalara qarşıyam. Bu gün məktəblərimizdə şagirdlərə mobil telefon işlətməyə ona görə icazə verilmir ki, bu, əksər hallarda dərs prosesini pozur, digər şagirdlərin də diqqətini yayındırır. Yox, əgər mobil telefondan şagirdlər məktəbdə hansısa bir mövzunun öyrənilməsi üçün yararlanacaqlarsa, bu, əslində müsbət hal olardı. Amma çox təəssüf ki, bizdə belə bir ənənə yoxdur. Əgər mobil telefondan şagirdlərin inkişafına yönəlik istifadə edilərsə, mən də bunu alqışlayaram”.
Qeyd edək ki, şagirdlərin mobil telefondan təhsil müddətində istifadə etmələrinə əsasən paytaxtda rast gəlinir. Valideynlər övladları ilə əlaqə saxlamaq üçün bəzən onlara mobil telefon işlətməyə icazə verirlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov bununla bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, məktəbə şagirdlərin mobil telefon gətirməsinə rəsmi şəkildə BŞTİ-nin qadağası yoxdur. B.Məmmədov məktəblərdə bu məsələnin fərdi qaydada tənzimləndiyini söyləyir. Onun sözlərinə görə, sadəcə olaraq tədrisə mane olduğu üçün məktəblərdə şagirdlərin telefon istifadə etməsi tövsiyə edilmir: “Tövsiyə ondan ibarətdir ki, şagird sinifdə mobil telefon istifadə etməsin. Bu məsələ bu gün ciddi problem kimi qarşıda durmayıb. Sadəcə olaraq məktəb direktorları tərəfindən nəzarət olunur. Bəzən valideynlər övladları dərsdən çıxdıqda onlarla əlaqə saxlamaq üçün mobil telefon verirlər. Biz buna qarşı deyilik. Hətta bəzi məktəblərə xüsusi dolablar qoyulub ki, şagird məktəbə mobil telefonla daxil olduqda telefonu söndürüb o dolaba qoysun. 193 və 147 nömrəli məktəblərdə bu məsələ artıq tənzimlənib. Məktəb rəhbərliyinin və müəllimin istəyi odur ki, məktəbə təhsil almağa gələn şagird dərsi dinləsin, diqqəti yayınmasın. Valideyn də övladını məktəbə təhsil almağa, savadlanmağa göndərir. Ona görə də bu məsələdə məktəblə valideyn arasında ortaq fikir var ki, bu da şagirdin bilik əldə etməsidir”.
Təhsil Nazirliyindən (TN) də bildiriblər ki, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi ilə bağlı nazirliyin rəsmi qadağası yoxdur. Nazirliyin sektor müdiri Cəsarət Valehov deyib ki, Azərbaycanda təhsil müəssisələrində zərurət olduğu təqdirdə tədris prosesi zamanı mobil texnologiyalardan – mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər və bununla bağlı TN tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Onun sözlərinə görə, dərs zamanı mobil texnologiyalardan məlumatların vizuallaşdırılması, hansısa bir təqdimatın edilməsi məqsədilə, başqa sözlə, mobil texnologiyalar yalnız məqsədli təyinat üzrə istifadə edilə bilər. Digər hallarda isə dərs prosesinə mane olduğu üçün telefon və planşetlərdən istifadə etmək yolverilməzdir.
C.Valehov deyib ki, dərs zamanı məlumatların şagird və tələbələrə mobil texnologiyalardan istifadə etməklə təqdim edilməsi üçün məktəb rəhbərliyinin tabe olduğu qurumlardan, eləcə də TN-dən xüsusi icazə almasına ehtiyac yoxdur. C.Valehov əlavə edib ki, yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etmə tədris prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir:
“Məktəblərdə mobil texnologiyalar vasitəsilə “ağıllı lövhə”lərin bağlantısı qurula və informasiya sinxronluğunun təmini baş verə bilər. Biz çalışırıq ki, tədris zamanı mobil texnologiyalardan daha çox istifadə edilsin. Elektron xidmətin daha geniş şəbəkəsinin qurulması, rəqəmsal mühitin genişləndirilməsi bizim əsas məqsədimizdir. Bununla bağlı biz ciddi platformalar üzərində işləyirik”.
Sonda onu da qeyd edək ki, qanunla məktəblərə mobil telefon gətirilməsi qadağan edilməsə də, indiyədək təhsil haqqında qəbul edilmiş normativ-hüquqi aktlarda bu məsələ öz əksini tapıb. Aktlarda tədrisin keyfiyyətinə mane olan, şagirdlərin diqqətini yayındıran resurslardan istifadə qadağan edilib.
Məlumat üçün qeyd edək ki, bəzi ölkələrdə şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağalar var. Fransada orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrindən istifadə şagirdlərə qadağan edilib.