Tədbirdə Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron rayonundakı Məşğulluq Mərkəzlərinin direktorları, layihəyə cəlb edilən əlilliyi olan vətəndaşlar iştirak edib.
Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də ölkəmizdə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi və kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərə mühüm dəstək məqsədi daşıyır.
Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olanların seçimi prosesi davam edir. Nəticədə 700 nəfər seçilərək təlimlərə cəlb ediləcək. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək. Bundan sonrakı mərhələdə proqram iştirakçılarının müvafiq məsləhət xidmətləri ilə təmin olunması nəzərdə tutulur.
Tədbir zamanı layihə çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərə dair ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.