Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından 1,5 il tez çıxması ölkədə ciddi şəkildə müzakirə edilir və hər kəs “görəsən bunun qarşılığında Bakı Moskvaya nə vəd edib” sualına cavab tapmağa çalışır. Doğrusu, bu müzakirə təsadüfi deyil, amma bu qədər geniş şəkildə nəsə vəd etdiyimizi tapmağa çalışmaq və bununla bağlı müxtəlif ehtimallar irəli sürmək, hesab edirəm ki, aşırıdı və şişirdilmiş cəhddir.
Bu sözləri açıqlamasında politoloq Aynur Camal Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxmağa başlaması ilə bağlı gedən müzakirələr haqda qeyd edib.
O bildirib ki, uzun illər Rusiyanın girdiyi yerdən heç bir şəkildə çıxmadığı, mütləq nəsə qopardığı haqda təsəvvürlər formalaşdığı üçün bu müzakirələrin getməsinə təbii yanaşır:
“Ancaq rus sülhməramlıların Azərbaycanda artıq heç bir işi qalmadığı haqda antiterror tədbirlərindən sonra rusiyalı politoloqların özləri açıqlama verirdilər. İkincisi, Rusiyanın Qarabağ iqtisadi rayonunda saxladığı hərbi texnika və qüvvə sayının açıqlanması göstərdi ki, əslində bu proses çoxdan başlayıb və rus sülhməramlıların cüzi hissəsi sadəcə görüntü vermək üçün qalıbmış.
Üçüncü və ən əsası: Rusiyanın Azərbaycanda hansısa ad altında kontingent saxlaması mümkün deyil – bu, nə ölkə qanunvericiliyinə uyğundur, nə də Azərbaycanın hərbi strategiyasına. Azərbaycan Türkiyə ilə hərbi müttəfiqdir və ordusu Türkiyə modelinə sürətlə uyğunlaşdırılır. 9/10 noyabr 2020-ci ildə imzalanan bəyanatdan dərhal sonra Qarabağa göndərilən rus sülhməramlı kontingentinin mandatı yoxdur və 3,5 il müddətində Azərbaycan bunu hətta müzakirə etməyi belə lazım bilməyib. Heç bir mandat verilməyən, artıq hazırda qalmaq üçün səbəbi də olmayan Rusiya sülhməramlılarının çıxması üçün Azərbaycanın kimlərəsə hansısa vəd verməsinin məntiqi yoxdur”.
Politoloq Azərbaycanın Rusiyaya üçüncü qüvvələri regiona buraxmamaq və yaxud Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı “vəd verdiyi” haqda iddialara da toxunub:
“Əvvəla, Azərbaycanın ümumiyyətlə mövqeyi regiondankənar qüvvələrin regiona daxil olmasına qarşıdır və bu məsələdə prinsipial olaraq siyasi iradə nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycan AB missiyasının Azərbaycanda yerləşdirilməsinə qətiyyətlə qarşı çıxdı. Rəsmi Bakı Ermənistanla sülh sazişinin imzalanmasının hansısa qlobal güc paytaxtlarında deyil, Tiflisdə və ya sərhəddə həyata keçirilməsinin mümkünlüyünə işarə edib. İkincisi, Azərbaycanın bu qəti mövqeyinə görə Avropa siyasi mərkəzlərindən, o cümlədən Fransadan qeyri-adekvat münasibət və “təzyiq” görür. Yəni bununla bağlı Rusiyaya “vəd verməyə” heç bir ehtiyac yoxdur.
O ki qaldı Aİİ-yə qoşulmaq məsələsinə, rəsmi Bakı iqtisadi-siyasi istiqamətini strateji müttəfiqi Türkiyə ilə koordinasiya edir. Aİİ-yə üzv ölkələrlə, xüsusən türk dövlətləri ilə həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi-siyasi münasibətləri inkişaf dövrünü yaşayır və bütün siyasi-iqtisadi prioritet də TDT-dir – bunu cənab Prezident İlham Əliyev bu ilin yanvar ayında yerli mediaya müsahibəsində də bildirmişdi”.
Aynur Camal vurğulayıb ki, Rusiyaya israrla nəsə vəd edildiyini “axtarmağa” ehtiyac yoxdur:
“Xatırlayırsınızsa, Şuşa da daxil olmaqla, Xankəndi və digər rayon-şəhərlərimizin azad edilməsi məsələsi bir çoxları üçün “mümkün deyil” səviyyəsində idi. Azərbaycanın Müzəffər Ali Baş Komandanı artıq son 4 ildə dəfələrlə sübut edib ki, çoxlarının xəyal belə etmədiyini reallaşdırmaq üçün fenomenal iradəyə, genişmiqyaslı siyasi təfəkkürə, müdrikliyə malikdir. Heç bir kampaniya, heç bir qıcıqlanma ritorikası olmadan bir də “oyanırsınız” ki, antiterror əməliyyatı nəinki başladı, artıq bitdi; bir də görürsünüz ki, Rusiya sülhməramlıları yola salındı və s. və i.a. Buna görə də nəticədən fərəhlənməyi və qürurlanmağı bacaraq, çünki İlham Əliyev nəyi və vaxt və necə etmək lazım olduğunu idealcasına bilir”.