Cənubi Qafqaza hərbi müdaxilə planı: İran Zəngəzurda hansı “sui-qəsd”in qarşısını alıb?

0
115

İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Əl-Mayadeen Net” saytında “Amerikanın Cənubi Qafqaz planı” başlığı ilə dərc olunan məqaləsində Cənubi Qafqaz üçün Amerika-Atlantik layihəsini regiona qeyri-qanuni müdaxilə və işğal üçün yeni plan adlandırır.

Vilayəti yazır ki, bu plan “dünyanın həssas yerlərində gərginlik yaratmağa yol açmaq, regionun təhlükəsizliyi və ölkələrinin müstəqilliyi bahasına hərbi iştirak üçün bəhanə əldə etmək” məqsədi daşıyır. O əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın NATO çərçivəsində Brüsseldə görüşünün məqsədi Cənubi Qafqaza qeyri-qanuni işğal və müdaxilə üçün yeni planın hazırlanması üçün yeni qətnamə üzərində razılığa gəlmək olub: “Onlar dünyanın bu həssas bölgəsində sülhü təşviq etmək istədiklərini bildirsələr də, bu qrup yalnız həssas bölgələrdə gərginlik yaratmağa zəmin hazırlamaqla müdaxilə edir, regionun təhlükəsizliyi və müstəqilliyinə zərər vuracaq hərbi mövcudluq üçün bəhanə tapırlar”.

Vilayəti xatırladır ki, təqribən iki il əvvəl buna bənzər, lakin fərqli bir biçimdə təşəbbüs irəli sürülüb, məqsəd enerjinin bu region ölkələri arasında ötürülməsini asanlaşdırmaq olub. Amma bu zərərli planın həyata keçirilməsi region ölkələrinin hesabına iğtişaşlara, onların tarixi sərhədlərinin dağıdılmasına və aralarında mübahisələrin yaranmasına səbəb olacaq. Bu planın icrası ABŞ-ın başçılıq etdiyi Qərb ölkələrinin regiona müdaxiləsi üçün bəhanə yaradılması ilə nəticələnəcək.

Müşavir iddia edir ki, amerikalılar NATO-da yüksək səviyyəli qərar qəbul edən şəxslər kimi Xəzər dənizi və Mərkəzi Asiyada enerji resursları əldə etmək üçün bu təşkilatın qüvvələrini Rusiyanın cənubunda və ya İranın şimalında yerləşdirməyə çalışıblar”. ABŞ rəsmilərindən biri deyib ki, Qərb gələcəkdə Hörmüz boğazı və Baltik dənizinin enerji təchizatı üzərindəki strateji inhisarını qırmalıdır və bu, yalnız Cənubi Qafqaz vasitəsilə mümkün ola bilər”-deyə o yazır.

Vilayəti vurğulayıb ki, “İranın uzun və dəyərli təcrübəsi göstərir ki, acgöz və düşmən ölkələr qapıdan çıxarılarsa, pəncərədən içəri girməyə çalışacaqlar”. İranın regional təhdidlərlə təkbaşına qarşı-qarşıya qaldığını və yeri gələndə bu təhdidlərin qarşısını aldığını iddia edən Vilayəti nümunə olaraq Zəngəzur dəhlizi layihəsinə qarşı qazandığı “uğuru” xatırladıb: “Hətta son illərdə iş o yerə çatıb ki, ABŞ və Türkiyə İranın Zəngəzur dəhlizinin yaradılmasının yeganə əleyhdarı olduğunu bəyan ediblər. Bəli, İran lazımi bacarıq və səlahiyyətlərdən istifadə edərək bu böyük sui-qəsdin qarşısını aldı. Biz Zəngəzur dəhlizinin açılmasına qarşı durduğumuz kimi, oxşar məzmunlu istənilən başqa plana qarşı da dayanacağıq və hələ də 3+3 formatının Cənubi Qafqazın gələcək problemlərinin ideal həlli olduğuna inanırıq”.

Məqalədə qeyd edilir ki, Azərbaycan və Ermənistanla uzun tarixi əlaqələri olan İran bu iki qonşu ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruduğunu düşünür. Müşavir vurğulayıb ki, “Cənubi Qafqaz İranın təhlükəsizlik regionunun mühüm hissəsidir” və buna görə də “İran həmişə bu regiondakı bütün ölkələrin təhlükəsizliyini və müstəqilliyini və onların ərazi bütövlüyünü müdafiə edəcək”.

Xatırladaq ki, Vilayətinin İranı regionun yeganə qüdrəti kimi təqdim edən bu növbəti yazısı dron şousunundan əvvəl yazılıb. Dron şousuna müsəlman həmrəyliyi baxış bucağından yanaşanlar bir az dar təəssübkeşlikdən kənara çıxmalı, həmrəy olduqlarının bizə necə yuxarıdan aşağı baxdığının fərqində olmaq üçün dini rəhbərin müşavirinin son 2 ildə artıq neçənci dəfə təkrarlanan geosiyasi təkəbbür ehtiva edən mətnləri ilə tanış olmalıdırlar.