Həkimdən XƏBƏRDARLIQ: D vitamininin çoxluğu ciddi fəsadlar yaradır

0
91

Hər üç nəfərdən birində D vitamini çatışmazlığı müşahidə olunur. Bu, bədəndə yorğunluq, sümük-əzələ ağrıları, enerji səviyyəsinin aşağı olması kimi əlamətlərlə özünü büruzə verir. Son dövrlərdə isə əksəriyyət D vitaminini həkim məsləhəti olmadan qəbul edirlər.

Bu barədə məlumat verən həkim-terapevt Xumar Novruzova deyib: “Bəzən heç bir müayinə və yoxlama aparılmadan özbaşına D vitamini qəbul edirlər. Əslində bu vitaminin çoxluğu da kifayət qədər ciddi fəsadlar yardır. Orqanizmdə D vitamininə olan gündəlik tələbat 1000-2000 təsir vahididir”.

Son vaxtlar bəzən həkim müayinəsi olmadan sifarişlə xarici ölkələrdən müxtəlif minerallar və vitaminlər gətizdirərək qəbul edirlər. Həkim-terapevt Nazilə Xəlilbəyova bunun düzgün olmadığını söyləyir: “Mineral və vitaminlərin normadan çox olması orqanizmə ziyanlı təsir göstərir. Ona görə də hansı fəsil olmasına baxmayaraq kimsə hansısa vitamini qəbul etmək istəyəndə mütləq həkimlə məsləhətləşməlidir. Həkim onun şikayətlərini dinləməli, əlamətlərini yoxlamalı və nəhayət, analiz verəndən sonra həmin vitaminləri qəbul edib-etməmək barədə qərar qəbul etməlidir.

Əgər müraciət edən şəxs yoxlanılıbsa və onun qanında D vitamini çatışmazlığı varsa, yaxud normadan azdırsa, yay və ya qış fəsli olmağına baxmayaraq, D vitamini qəbulu mütləqdir. Normada olduqda yay vaxtı D vitamini içməyə ehtiyac yoxdur, çünki müəyyən bir hədd var, onun keçilməsi vitamin zəhərlənməsinə səbəb olur. Ona görə də kim D vitamininin qəbulu zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır. İkincisi, analiz verərək həmin vitaminin miqdarının normada olduğu, yaxud normadan az və ya çox olduğunu öyrənməlidir”.

Əgər həyat tərzi qapalı məkanlarda keçirsə, bu, orqanizmdə D vitamini tarazlığının pozulmasına gətirib çıxara bilər. Məhz buna görə mütəxəssislər açıq havada çox gəzməyi məsləhət görürlər. Həmçinin dənizdə Günəş vannası qəbul etmək də həmin çatışmazlığı qısmən aradan qaldırır.

Həkim-dermatoloq Ramil Qocayev deyib: “Günəş şüaları qəbul etmək üçün səhərlər saat 12-yə qədər, axşam saat 5-dən sonra olan vaxt ən uğurlu hesab edilir. Çünki perpendikulyar düşən Günəş şüasi nəyinsə fotosintezindən çox yanıq və dermatoz əmələ gətirir, fotoqocalma yaradır. Orta yaşlıların gözətrafı, ağız bucağı və alın qarışları uzun müddəti Günəş şüasi altında qalaraq dərinin susuzlaşması nəticəsində fotoqocalmaya məruz qalır”.

D vitamini həmçinin qidalarda, bəzi balıq növlərində, yumurta sarısı, göbələk, göyərti məhsullarında və digər qidalarda da mövcuddur. Gündəlik rasionda həmin qidaları qəbul edərək vitamin ehtiyacını qismən ödəmək olar.