Erməni döyüşçülər kəndlərimizə gəlir – Azərbaycana hücum hazırlığı

0
152

Ermənistanda “döyüş qardaşlığı” radikal təşkilatın üzvləri yenidən Qazaxın işğal altındakı kəndlərinə gəlməyə hazırlaşır.

Təşkilatın üzvləri daha öncə Qazaxın kəndlərində hərbi təlimlər keçirmək, orada məskunlaşan erməniləri Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaq istəsələr də, Ermənistan hakimiyyəti buna imkan verməyib.

Təşkilatın rəhbəri Hrant Ter-Abrahamyan bildirib ki, yenidən Tavuşa gedəcəklər.

“Bizə icazə vermirlər, amma biz oradakı əhaliyə (Qazaxın kəndlərində məskunlaşdırılan ermənilər-red) söz vermişik ki, yanlarında olacağıq. Əslində bütün bunlar təkcə Tavuş məsələsi deyil, bütün Ermənistanın məsələsidir. Bu gün Noyemberyandadır, sabah İcevanda ola bilər. Ermənistanın hər bir bölgəsində qaynar nöqtələr var. Əhali müqavimət göstərəcəksə, biz də onların yanında olacağıq”, – o bildirib.

Ter-Abrahamyan Azərbaycanla müharibəyə hazırlaşdıqlarını, hətta hücuma keçə biləcəklərini gizlətmir. İddia edir ki, Azərbaycan Qazaxın işğal altındakı kəndləri və Zəngəzur dəhlizi istiqamətində əməliyyat həyata keçirə bilər.

“Bu, genişmiqyaslı müharibə yox, 2-3 günlük əməliyyat ola bilər. Biz də buna hazırlaşmalı, buna bənzər bir şey etməliyik”, – radikal qruplaşmanın rəhbəri deyib.