Türkiyə və Rusiya “Mir” ödəniş sisteminin tətbiq olunacağı Şimali Kipr və Abxaziyada (qondarma respublika – red.) maliyyə təşkilatları yaratmaqla bank köçürmələri ilə bağlı problemləri həll edə bilər.
Bunu türkiyəli analitik Engin Özer bildirib.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov daha əvvəl qeyd edib ki, amerikalılar Rusiya ilə işləyən türk bizneslərini hədəf alıb və bu şirkətlərə təzyiqlər dövlətlərarası ünsiyyət normalarına ziddir. O qeyd edib ki, Rusiyadan Türkiyəyə ödəniş köçürmələri ilə bağlı problem qalmaqdadır.
Bank sektorundakı mənbə “RİA Novosti”-yə bildirib ki, ABŞ Türkiyənin özəl banklarına təhdid tonuna çataraq ödəniş köçürmələrini diqqətlə yoxlamaq zərurəti ilə bağlı xəbərdarlıq edir.
“Əslində Türkiyə ilə Rusiya arasında ödəniş probleminin həlli üçün başqa variant da var. Şimali Kipr Türk Respublikası və Abxaziya Respublikası (qondarma respublika – red.) “qismən” tanınırlar. Onların heç birinin BMT-də təmsilçiliyi yoxdur. Qərb dünyası isə bu ölkələrə embarqo qoyur. Ödənişlər Rusiya tərəfinin Abxaziyada yaratdığı “yerli” bankda və ya Şimali Kiprdə istənilən bankda “Mir” ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər”, – agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, illərdir ağır iqtisadi sanksiyalar altında olan iki ölkə bank embarqoları ilə üzləşmir.
“Türkiyədən köçürmələr Şimali Kiprdəki banka, Rusiyadan isə Abxaziyadakı banklara həyata keçirilir. “Mir” sistemi istifadə olunacağı üçün ona kənardan nəzarət etmək çətindir. Sanksiyaların tətbiqi zamanı iş adamları və şirkətlər təhlükə ilə üzləşmirlər”, – deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Moskva bəyan edir ki, Rusiya Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiyaların öhdəsindən gələcək. Qərb ölkələrinin özündə də dəfələrlə sanksiyaların səmərəsiz olması ilə bağlı fikirlər səslənib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.