Bakı Sünikə hücum etsə, İranın Azərbaycan vilayətlərində iğtişaşlar başlayacaq – ŞOK İDDİA

0
139

Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan sülh danışıqları, Fransanın bölgədə fəallaşmaq təşəbbüsləri İran mediasının da gündəmində duran aparıcı mövzulardandır. Amma iranlı ekspertlər analitikdən daha çox təbliğatçı kimi çıxış edir, Zəngəzur dəhlizi və Bakının regional siyasəti ilə bağlı spekulyativ narrativlərini məqalədən məqaləyə təkrarlayırlar:

-Bakı və Ankaranın planı İranın Qafqazda strateji və tranzit maraqlarını zəiflətməkdir;

-Azərbaycanın tələblərindən biri Ermənistanın cənubunun Azərbaycan və Türkiyəyə verilməsidir. Bu məsələni bəzən Zəngəzur dəhlizi adlandırırlar ki, bunun əsasında Sünik rayonu Bakı və Ankaraya verilməlidir;

-İslam Respublikası yeni şəraitdə Qafqazda balanslaşdırıcı rol oynamalı, Türkiyə-Azərbaycan-Gürcüstan alyansının İranın tranzit marşrutlarını neytrallaşdırmasına və alternativ dəhlizlər yaratmasına, Zəngəzur dəhlizinin açılmasına və Ermənistanın Sünik vilayətinin işğalı variantına yenidən qayıdılmasına imkan verməməlidir.

“Hammihan” qeyd edir ki, şimal-qərb sərhədlərində vəziyyəti milli maraqlarına uyğun idarə etməyə hazırlaşmaq İran diplomatiyasının tələblərindən biri olmalıdır. Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Respublikası” qoşunları üzərində qələbəsi” (Ermənistan ordusu yazmağa xəsislik edilir-C.Q) və bölgənin Bakıya birləşdirilməsi ilə müşayiət olunan “Üçüncü Qarabağ müharibəsi”ndən (antiterror əməliyyatı belə adlandırılır-C.Q) sonra regional oyunçuların dəyişməsi və Zəngəzur dəhlizi problemi yaranması labüddür. İran sərhədlərində Bakı ilə Tehran arasında strateji problemlər də artıb: “İran və Azərbaycan bir-biri ilə əməkdaşlıq və tərəfdaşlıq üçün geniş mədəni və iqtisadi ümumiliyə malik olsalar da, Zəngəzur dəhlizi İranı Ermənistanla sərhədə çıxışdan məhrum etməklə Tehranın geosiyasi və regional maraqlarına təsir edə bilər”.

“Khabaronliene” bildirir ki, İran Qafqazda balanslaşdırıcı rolunu canlandırmalı, Türkiyə, Azərbaycan və Gürcüstana alternativ dəhlizlər yaratmağa, Ermənistanın Sünik vilayətini işğal etmək üçün gücdən istifadə etmək variantına imkan verməməlidir. .

“Mashregh” Bakı və Türkiyənin İranın Qafqazdakı strateji və tranzit maraqlarını zəiflətmək planları olduğunu iddia edir. İRNA isə “Qafqazda yeni koalisiyalar; İrəvan və Bakı hara gedir?” sualına cavab axtarır. “Qafqazda yeni geosiyasi dəyişiklikləri və Ermənistanın münasibətləri şaxələndirmək siyasətini nəzərə alsaq, görünür, bu ölkə İranla münasibətlərində yeni gündəm qəbul edib. Ölkənin iki yüksək səviyyəli siyasi və hərbi rəsmisinin İrana səfəri münasibətlərin möhkəmlənməsindən və yeni gündəmdən xəbər verir. Əvvəlcə İran Müdafiə naziri, briqada generalı Məhəmməd Rza Karai Aştiani Tehranda ermənistanlı həmkarı Suren Papikyan ilə görüşüb. Sonra isə Ermənistan xarici işlər nazirinin müavini Vahan Qostanyan xarici işlər naziri Hüseyn Abdullahianla görüşüb danışıb. “Mashreg” proqnozlaşdırır ki, “üçüncü müharibənin başa çatmasından sonra Qafqazda baş verən hadisələr və nisbi sabitlik İranın şimal sərhədlərinə yaxın bu regionda yeni ittifaq və koalisiyaların yaranmasına, rəqabətə və əməkdaşlığa səbəb olacaq yeni hadisələrdən xəbər verir”. Xatırladaq ki, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani sözügedən görüşdə deyib ki, təhlükəsizliyin regiondan kənarda axtarılması əks nəticələrə səbəb ola bilər.

Paniranist irqçilərə məxsus “Azariha” nəşri isə “İrandakı Bakı beşinci kolonu”ndan bəhs edir. Nəşr “İranın təsirli diplomatiyası” sayəsində “Bakı-Türkiyə-İsrail üçbucağının Zəngəzur dəhlizi planının qarşısını almaqda” növbəti də uğur qazandığını iddia edir: “ Bakı bir neçə dəfə Sünikdə hərbi əməliyyat keçirməyə cəhd etsə də, İranın hərbi və diplomatik xəbərdarlıqları bu planın həyata keçirilməsinə mane oldu. Amma hərbi manevrlərin keçirilməsi Bakı ilə yanaşı İrandakı Əliyev lobbisinin qəzəbinə səbəb oldu. İlham Əliyevin lobbisi məhz Bakı siyasi leksikonuna uyğun olaraq “iranşahriləri” danladı. Ali Rəhbərin və Silahlı Qüvvələrin Birləşmiş Qərargahının siyasətini birbaşa tənqid edə bilməsələr də, bu siyasətləri millətçilərin məhsulu kimi təqdim edirlər”. Nəşr İran hakimiyyətini “lobbistləri” dərhal zərərsizləşdirməyi də təklif edir: “Təbii ki, yaxın həftələrdə Bakının müharibəyə başlamaq cəhdləri gücləndikcə, düşmənin beşinci kolonu da ölkə daxilində, xüsusən də Təbrizdə daha da fəallaşacaq. Bakı Sünikə hücum edərsə, əyalətdə yerli iğtişaşlar törədəcəklər”.

“Khabaronline” Fransanın Qafqazda fəallaşmasına həsr etdiyi digər təhlilində yazır ki, Türkiyə son on ildə Orta Asiya və Qafqazın türkdilli ölkələrini “Türk dünyası” adı altında birləşdirməyə cəhd edib. “Belə bir etnik təşkilat yaranarsa, Türkiyə onun lideri kimi əsas rol və mövqeyə sahib olacaq və bu həyati enerji ilə zəngin ərazilərə nəzarəti ələ keçirə biləcək. Çünki Türkiyə və Avropa İttifaqı arasında bəzi siyasi məsələlərdə anlaşılmazlıqlar var, Ankara liderləri vaxtaşırı bu ölkələrə Avropadan güzəştlər qoparmaq üçün təzyiqlər edir”.