Paşinyandan Qazaxın kəndləri haqda gözlənilməz açıqlama – Müharibə ssenarisi aktivləşir

0
101

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın kəndlərini azad etməyəcəklərini açıqlayıb.

Mətbuat konfransı keçirən Paşinyan “Tavuşun (Qazaxın kəndləri – red) 4 kəndinin təhvil verilməsi haqda heç vaxt söhbət olmayıb, ola da bilməz” deyib.

“Hansısa müzakirə zamanı heç vaxt Tavuşun hansısa kəndinin təhvil verilməsi ilə bağlı sual olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında adları çəkilən kəndlər Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da olmayıb”, – Nikol deyib.

Paşinyan sərhədin delimitasiyasının SSRİ dağılanda mövcud olan xətlər üzrə aparılması fikrini təkrarlayıb.

Qeyd edək ki, Ermənistan işğalında qalan 8 kəndin qaytarılması hələ 2020-ci ilin 10 noyabr razılaşması zamanı gündəmə gəlib. Daha sonra sərhədin delimitasiyası müzakirələrində bu mövzu prioritet təşkil edib. Delimitasiya komissiyalarının sonuncu iclasında Azərbaycan anklav olmayan 4 kəndin – Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılmasını tələb edib.

Bunu iclasda iştirak edən Paşinyanın müavini Mher Qriqoryan da deyib. Erməni baş nazirin bu açıqlaması artıq ənənə halını almış “klassik yalan” taktikasından başqa bir şey deyil. Onun ümumiyyətlə belə kəndlərin olduğunu danması gözlənilməz və absurddur.

Bəllidir ki, Paşinyan erməni ictimai rəyində ciddi müzakirələrə səbəb olan və hakimiyyətə qarşı ittihama çevrilən bu məsələni ört-basdır etmək üçün belə danışır. Lakin bu açıqlama həm də Ermənistanın kəndləri qaytarmaq istəmədiyi deməkdir. Belə vəziyyətdə sərhədə bitişik 4 kəndin azad edilməsi hərbi müstəvidə baş verə bilər.